Milli pul nişanlarının saxtalaşdırılması hallarına bütün ölkələrdə rast gəlinir. Təhlillər göstərir ki, qlobal miqyasda ən çox saxtalaşdırılan pul vahidi dollardır. Ölkəmizdə də milli əsginaz saxtakarlığının qarşısının alınması üçün önəmli tədbirlər görülür. Amma ciddi mühafizə elementlərinə baxmayaraq, manat da işbazların maraq dairəsindədir.
Milli valyutamız olan manat dünyanın ən təhlükəsiz və saxtalaşdırılması çətin olan valyutalardan hesab edilir. Lakin təhlükəsizlik kodları və simvollarına baxmayaraq, tez-tez dövriyyəyə saxta manatlıqlar girə bilir. Əvvəllər daha çox kiçik nominallı əsginazlar saxtalaşdırılırdısa, son vaxtlar 100 və 200 manatlıqların da dövriyyədə olmasının xəbərlərini eşidirik. Odur ki, real olanı saxtasından ayırd etməkdə çətinlik yaranır.
Şəhər sakini: “Pulun içində xətti var. Ordan bilirəm. Pulda lent var, rəngindən bilmək olur. Nə qədər olmasa da fərqlidir, saxtanı tanıyırıq”.
Şəhər sakini: “İnanırıq ki, market bunu eləməz deyirik, bank bunu eləməz deyirik. Ona görə rahat götürürük. Dollar olsa materialından bilirik. Dollar olmayandan sonra manatda aldansaq da aldanırıq. Var elə adamlar ki, ona bir-bir baxır, amma mən baxmıram”.
Şəhər sakini: “Materialına, əsginaza baxıram. Saxta olan pul bilinir. İşığa tutanda içindəkilərin görünüb-görünməməyindən bilinir ki, saxtadırmı”.
Şəhər sakini: “Saxta pulu misal üçün marketdən alıram, baxıram, havaya tuturam, rənginə, materialına baxıram və çoxunun üstünə baxanda bilinir. Ancaq rənginə filan baxıb müəyyən etmək olar”.
Şəhər sakini: “Marketdə verirlər. Alırıq, əlimizdə baxırıq, materialına baxırıq, havaya tutub baxırıq. Onun içindəki hərflərə. Saxta pulla o seçilir. Təbii ki, diqqətli olmaq lazımdır”.
Vətəndaşların dedikləri də təsdiqləyir ki, pul əsginazları ilə mütəmadi təmas əsasən market və mağazalarda olur. Yəni aldanılma halları daha çox alış-veriş məkanlarında baş verə bilir. Mağazaların bir çoxu kassaları xüsusi cihazla təchiz edib ki, istənilən pulun saxta olub-olmamasını yoxlamaq mümükün olsun. Bu, dələduzların əməllərini ifşa etməyə kömək edir.
Kassir: “Bizdə pul yoxlamaq üçün xüsusi aparatlar var. O aparatlarda yoxlayırıq. Baxırık ki, xüsusi işarələr var. O işarələrlə saxta olub-olmamasını müəyyən edirik. Saxta olmadıqda götürürük. Saxta olduqda rənglərində bəzi dəyişikliklər olur. Onunla da saxta olduğunu bilirik. Adi xırda əsginazlarda belə olur. Hətta 10 manat, 20 manat civarında olan məbləğlərdə olub. Misal üçün, pula baxmışıq ki qəribədir, o pulu götürüb xüsusi aparatda yoxlayırıq və görürük ki, pulda saxtalıq var. Saxtalıq olduğu təqdirdə adminstratora bildiririk. Onlar da yoxlayır və müəyyən tədbirlər görülür”.
İnzibatçı: “Bütün kassaların pul yoxlayanı var. Pulu müştəridən götürdükdə 50-lik, 100-lük, 200-lük, 500-lük bunlara xüsusilə baxış göstərilir. 100% pul aparatında yoxlanılır. Bəzən olur 10-luq, 20-lik, 5-lik də olur. Amma onlar görkəm baxımından bilinir ki, saxtadır. Onları da pul aparatı vasitəsilə yoxlayırlar. Əgər saxta pul aşkarlanarsa, mühafizə polislərimiz var, onlara deyirik. O da müəyyən qurumlara deyir. Düzdür, dəfələrlə başımıza gəlib ki, saxta pullar verilsin, amma hamısı yoxlanılıb, ortaya çıxarılıb”.
Kassir: “Gün ərzində bizdən yüksək məbləğli məhsullar keçir. Həmin məbləğləri biz pul yoxlayan aparat vasitəsilə UV işıqları altında yoxlayırıq. Orijinal olduqda qəbul edirik. Əgər problem olarsa biz onu rəhbərliyə bildiririk, lazımi tədbirlər görülür”.
Ekspertlərin sözlərinə görə, bu kimi hallardan yan keçmək üçün ən yaxşı vasitə nağdsız dövriyyəyə üstünlük verilməsidir. Yəni bank kartları vasitəsilə alış-veriş etmək aldanmaq riskini minimuma endirir. Yox əgər ənənəvi alış-veriş üsuluna üstünlük verilirsə, onda əsginazın saxta olub-olmamasını yoxlamağın yolları var.
Məsim Abadov- müstəqil ekspert: “Pulun kağız materialı bilirisiniz ki, ona su kağızları deyirlər. Onlar suda əzilməyən, çürüməyən, tökülməyən, rəngi getməyən kağızlardır. Ona görə onları ancaq əllə, barmaqla hiss etmək olar ki, bu kağızın keyfiyyəti həmin su kağızının keyfiyyətidir. İkinci, orda xüsusi holoqramlar olur, xüüsusi rənglər olur, rəng dəyişən emblemlər olur ki, onunla bilinir və ən çox pul kağızlarının üzərində bir neçə yerdə rifli çıxıntılar olur. Adətən iri məbləğlər olduqda onu aparıb böyük marketlərdə, banklarda saydırmaq olar. Pul maşını dərhal saxtanı kənarlaşdırır. Amma gündəlik həyatımızda çox halda olur ki, saxta pullarla rastlaşırıq”.
Cinayət məcəlləsinə əsasən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada istifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma cinayətdir. Belə olanda şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Araşdırmalar göstərir ki, vətəndaşlar daha çox alış-veriş edən zaman və ya hər hansı bir pul qalığı götürən zaman həmin pulların içərisində saxta pul əsginazlarının olmasına fikir vermirlər, diqqətlərindən yayınır və onlar əldə etdikləri həmin pulu başqa bir məntəqəyə təqdim edən zaman bu üzə çıxır. GŞBPİ və onun tabeli qurumlarının əməkdaşları saxta pul əsginazlarının müəyyən edilməsi, onları hazırlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində də mütəmadi tədbirlər həyata keçirir”.
Əlbəttə, saxta pulların dövriyyəsi arzuedilən bir hal deyil. Bundan daha çox sadə vətəndaşlar əziyyət çəkirlər. Əsginaz fırıldaqçıları isə bu yolla daha çox qazanmağa can atırlar. Cibinizdəki pulun əl çirki olub, peşmanlıq yaşatmaması üçün ehtiyatı elə əldə saxlamaq məsləhətdir.
Pərvin Abbaszadə
- Baxış: 311