• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 03.09.2024 18:10

5 nəfər kibercinayətkarlığın qurbanına çevrilib

KepezTV Player

Son illərdə texnologiyanın sürətli inkişafı ilə yanaşı, kibercinayətlərin sayı da artmaqdadır. Yeni nəsil informasiya kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsindən istifadə edən qanunazidd əməl sahibləri öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Beləliklə bütün dünyada olduğu kimi, ölkəmizdə də müəyyən sayda insan kibertalamaların qurbanına çevrilir. Elə son günlərdə Gəncə şəhərində nə az, nə çox, düz beş nəfər sakin müxtəlif yollarla dələduzların toruna düşüb.

Bu şəxslərin bank kartlarından müxtəlif yollarla müəyyən məbləğdə pul vəsaitləri çəkilib. Zərərçəkənlərin ortaq nöqtəsi isə onların kart nömrələrini tanımadıqları internet saytlarına və ya xarici nömrələrə bildirmələridir. Zərərçəkən: “İnternetdə bir proqramla tanış oldum. Orada ad və soyadımı, bir də kart nömrəmi yazdım. Sonra gördüm ki, kartımdan pul çıxır”.

Zərərçəkən: “Kartımda pul var idi. Birdən telefonuma mesaj gəldi. Mən telefonumu açanda baxdım ki, telefondan pullarımı çəkiblər. Tez Gəncə polisinə müraciət etdim. Sağ olsunlar, onlar o pulu kim çəkibsə, o işləri həll etdilər”.

Zərərçəkən: “Mənə xarici nömrədən zəng gəldi. Açdım, danışdım. Dedi ki, kartın nömrəsini deyin, kodunu deyin. Sizin kartınıza kimsə girir, pul çıxarır. Mən də bilmədən dedim onu. Sonra kartımı yoxladım, baxdım ki, kartımda pul yoxdur”.

Zərərçəkən: “Kartımda məbləğim var idi. Bilmədən hansısa proqrama girdim. Baxdım ki, kartımdan pul götürülür. Gəldim, Şəhər Polis İdarəsinə müraciət etdim. Sağ olsunlar, həmin işlə bağlı da cinayət işi açıldı”.

Zərərçəkən: “Mənim kartımda pul var idi. Baxdım, gördüm çıxarılıb. Bir proqram var idi, ondan istifadə zamanı baxdım ki, pul çıxıbdır”.

Daxili İşlər Nazirliyi kibercinayətkarlığa qarşı mütəmadi olaraq tədbirlər görüb, xəbərdarlıq edib, maarifləndirmə işləri aparsa da, dələduzlara aldananların sayı hələ də yüksək olaraq qalır. Halbuki, bir neçə sadə qaydaya riayət etməklə kibertalamanın qurbanı olmaqdan qorunmaq mümkündür.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Statistikanı təhlil etdikdə məlum olur ki, vətəndaşlar saxta alış-veriş saytlarından ucuz adlandırılan əmtəə mallarını onlayn yollarla alarkən oraya bank məlumatlarını daxil edirlər. Bu zaman da həmin şəxslər bank məlumatlarını əldə edərək, vətəndaşların hesabında olan pulu digər hesablara köçürürlər. Bu məsələ ilə bağlı mütəmadi olaraq DİN-in Mətbuat Xidməti tərəfindən çağırışlar edilir. Bir daha vətəndaşlardan xahiş edirik ki, bank məlumatlarını 3-cü şəxslərə verməsinlər. Əmin olmadıqları, tanımadıqları internet saytlarına bu məlumatları daxil etməsinlər”.

Göründüyü kimi, texnologiya, internet həyatımızı asanlaşdırdığı kimi, təhlükələri də özü ilə bərabərində gətirir. Buna görə də, hər birimiz kibertəhlükəsizlik sahəsində məlumatlı olmalı və bu təhlükələri önləmək üçün lazımi tədbirlər görməliyik. Xoşagəlməz hallarla qarşılaşan vətəndaşlar isə Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

Pərvin Abbaszadə