6 fevral 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusuna həsr olunmuş dəyirmi masa formatında görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədini kritik informasiya infrastrukturu sahələrindən biri qismində təsbit olunmuş telekommunikasiya sahəsində kibertəhlükəsizliyin təmin edilməsi məsələləri, o cümlədən mövcud imkanlar və qarşıya çıxan çətinliklər, eləcə də təhdidlər və onlarla mübarizə üsullarının müzakirəsi təşkil edib. Çoxtərəfli görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın, eləcə də müvafiq telekommunikasiya provayderi və operatorlarının, habelə AKTA üzvü olan şirkətlərin aidiyyəti sahə üzrə məsul rəhbər şəxsləri və nümayəndələri iştirak edib.
Dəyirmi masa formatında keçirilən görüşdə telekommunikasiya sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud kibertəhdidlərə qarşı mübarizə məqsədilə müvafiq telekommunikasiya operatorları və provayderləri tərəfindən həyata keçirilən fəaliyyətin effektivliyi və səmərəliliyi müzakirə olunub. Görüşdə, həmçinin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud normativ tənzimləmə mexanizmlərinin tətbiqi, müvafiq strategiya və tədbirlər planının həyata keçirilməsi, hibrid təhdidlərə, o cümlədən kibertəhdidlərə və dezinformasiyaya qarşı mübarizə mexanizmləri, telekommunikasiya sektorunda baş vermiş kiberinsidentlərin idarə olunması, kadr potensialının gücləndirilməsi, məlumat mübadiləsi və əməkdaşlığın təşkili, həmçinin maarifləndirmə işlərinin aparılması ilə bağlı qarşıya çıxan məsələlər müzakirə edilib və bir sıra təkliflər irəli sürülüb.
Görüş zamanı, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını icra edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən yaradılmış kibertəhdid məlumat mübadiləsi platforması və onun imkanları iştirakçılara təqdim edilib.
Görüşün subyektlər arasında məlumat və təcrübə mübadiləsinə töhfə verməklə yanaşı, onlar arasında əməkdaşlığın güclənməsinə, eləcə də vahid yanaşmanın tətbiq olunmasına təkan verməsi, o cümlədən mövcud kibertəhdid və risklərin müzakirə edilərək prioritetləşdirilməsi və səmərəli şəkildə idarə olunması üçün daha effektiv fəaliyyət planlarının tərtib edilməsinə imkan yaratdığı nəzərə alınaraq, gələcəkdə analoji sahəvi görüşlərin mütəmadi olaraq təşkil edilməsinin məqsədəuyğun olduğu bildirilib.
- Baxış: 83