• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 02.09.2023 19:55

Qızıl bazarında vəziyyət necədir?

KepezTV Player

Hazırda şənliklərin - toy, nişan məclislərinin olmaması bir çox sahələrə olduğu kimi qızıl bazarına da təsir göstərib. Alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə qızıl qiymətlərində də ucuzlaşma baş verib. Əməkdaşlarımız Gəncədə fəaliyyət göstərən qızıl mağazalarında olub, oradakı vəziyyəti nəzərdən keçiriblər. 

Toy mövsümündən ən çox qazananlar restoranlar, müğənnilər, müxtəlif xidmət sahələrində çalışanlar və şübhəsiz ki, qızıl alveri ilə məşğul olan ticarətçilər olur. Bununla belə toylar dayanan kimi bu fəaliyyət növlərində durğunluq yaşanır. Amma güman olunur ki, toy mövsümünün başlaması vəziyyətin dəyişməsinə səbəb olacaq. Qızıl satıcılarının sözlərinə görə dünya bazarında qızılın qiymətində azalma müşahidə olunmasa da, onlar alıcılıq qabiliyyətini artırmaq üçün qiymətlərdə endirim edirlər.

Dinara Məhərrəmova- satıcı: “Toylar yoxdur deyə, qiymətlər aşağıdır. Amma bu, dünya bazarı üzrə belə deyil. Özümüz aşağı eləmişik. Qazancı az edirik ki, alış olsun. Çünki, bazar çox zəifdir. Məcburən qiymətləri aşağı edirik. Məsələn, 75 manata var 80-ə var 85-ə var. Amma stabil olaraq türk qızlının qiyməti adətən 83-84 arasındadır. Bir ara 88 manata kimi qalxmışdı. Amma indi hal-hazırda kim necə istəyir satır. 80-ə, 83-ə, 85-ə də satan var. O da elə mallar var ki, əldən alınma olur, onu aşağı vermək olur”.

Kifayət İbrahimova- satıcı: “Məhərrəmlik ayı ilə əlaqədar olaraq qiymətlər aşağıdır. Yəni alıcılıq qabiliyyəti aşağıdır. Elə biz də bu Səfər ayının çıxmasını gözləyirik ki, ondan sonra bəlkə bir az irəliləyiş oldu. Hansı ki, bir az aşağı səviyyədə olan ailələr ki, deyirlər qiymət aşağıdır, gedək, indi alaq. 78 ilə alışıdır, 82-83-də satışıdır. Rus malları hətta 60 manata düşüb”.

Qiymətli metal bazarındakı durğunluğu fürsət bilən alıcılar qızıl almaq üçün məhz bu vaxtı seçirlər. Çünki, normalda toyların olmaması qızıl-zinət əşyalarının qiymətini ucuzlaşdırır. Ancaq satıcılardan fərqli olaraq alıcılar qiymətlərdə elə də fərq olmadığını bildirdilər.

Vüsalə Hüseynov- alıcı: “Təzə gəlmişik. Dedik, yəqin ki, ucuz olar. Amma hələ ki, bahadır. Seplə maraqlanırıq - qramını 83 manata dedilər”.

Ceyhun Aslanov- alıcı: “Gəlinim üçün aldım. Oğluma toy edirəm. İndi sərfəli qiymətdir. Aldım, hardasa 200-150 manat miqdarında fərq edir”.

Satıcılar irəliləyən günlərdə toy mövsümünün də başlaması ilə qiymətlərin artan xətt üzrə gedəcəyini istisna etmirlər.

Aişə Rzayeva