Peşəkar karyerasını "Gəncə" voleybol klubunda davam etdirən Tyana Jovanoviçdən məşqçilərin böyük gözləntiləri var. Ölkəmizdə legioner həyatı yaşayan oyunçu yerli azarkeşlərin də diqqətini çəkir.
Qarabəniz olduğundan ilk vaxtlar gəncəli voleybolsevərlər Tyananın Cənubi amerikalı olduğunu düşünüblər. Görünür, azarkeşlər oyunçunun xarici görünüşünə aldanıblar. Amma o, serbiyalıdır. Uşaq vaxtından idmanla məşğul olmağa başlayan Jovanoviçin seçimi karatedən yana olub.
Tyana Jovanoviç- voleybolçu: “Qardaşlarım da idmana gedirdilər və onlardan geri qalmaq istəmirdim. Məktəbimizdə voleybol bölməsi fəaliyyətə başlayanda özümü yoxlamaq istədim, alındı. Baxmayaraq ki, voleybol üçün yaşım bir az çox idi. Amma qısa müddətdə peşəkar səviyyədə oynamağa başladım, “Lajkovaç” klubunda iki il çıxış etdim, ardından “Valjevo” və digər klublarda oynadım. Gəncəyə gəlməzdən öncə 7 müxtəlif klubda çıxış etmişəm”.
Tyana Gəncəni kiçik, sakit şəhər hesab edir. Burada ən çox sevdiyi isə şəhərin sakinləridir. Onun dediyinə görə, qarşılaşdığı insanlar onda ancaq xoş təəssürat yaradıb. Əsasən şəhər ətrafını, təbiətimizi bəyəndiyini deyib. Asüdə vaxtlarında komanda yoldaşları ilə şəhəri gəzdiklərini, film izlədiklərini bildirib. Tyananın ən çox sevdiyi məşğuliyyətlərdən biri kitab oxumaqdır. Onu daha çox maraqlandıran isə könül verdiyi idman növüdür.
Tyana Jjovanoviç- voleybolçu: “Azərbaycanda voleybolun səviyyəsi yüksəkdir. Sözün düzü belə gözləmirdim. Yaxşı mənada təəccüblənmişdim. Əfsuslar olsun ki, komanda azlığı var. İstərdim çempionatda daha çox sayda klub mübarizə aparsın. Voleybolun inkişaf etdirilməsi üçün voleybol məktəbləri yaratmaq, dəstək olmaq, yatırımlar etmək lazımdır. Biz oyunlarımızla gəncləri həvəsləndirə bilərik. Valideynlərə səslənirəm ki, uşaqlarının voleybola istəyini, həvəsini artırmağa çalışsınlar”.
Tyananın voleybol oynayaraq özündə kəşf etdiyi ən önəmli xüsusiyyət "səbr"dir. O, təmkinli olmağın, özünə əminliyin vacibliyini voleyboldan öyrəndiyini bildirib. Sevdiyi işlə məşğul olması Jovanoviçə həyatda motivasiya verir. Sözlərinə görə, gələcək üçün öncədən plan qurmağı sevmir. Onun üçün önəmli olan sağlamlığının imkan verdiyi qədər voleybol oynamağı davam etdirməkdir.
Ramin Paşayev
- Baxış: 210