Yanvarın 7-dən start götürən toplanışda gənclərdən və böyüklərdən ibarət milli komandalar iştirak edib. Baş məşqçi Xetaq Qazyumovun sözlərinə görə, gündə 3 dəfə keçirilən məşqlərdə əsasən fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilib. Hazırlığın səmərə verəcəyinə əminliyini ifadə edən baş məşqçi, bunun yığmanın üzvlərinin iştirak edəcəyi yarışlarda özünü biruzə verəcəyini bildirib.
Xetaq Qazyumov- baş məşqçi: “Toplanışın müsbət nəticələr verəcəyinə inanırıq. Çünki, ötən il də burda hazırlaşıb, uğurlu nəticələrə imza atmışıq. Bu il Avropa çempionatı üçün heyətimiz bir az fərqli olacaq. Çünki bizim üçün əsas olan lisenziya xarakterli turnirdir. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı məşqlərə köklənib. Biz yaxşı bilirik ki, Olimpiya ilidir. Və həmişə olduğu kimi güləşçilərimizdən yüksək nəticələr tələb olunur. Uşaqlar da bunu dərk edirlər. Üzərimizdə böyük məsuliyyətin olduğunu idmançılara izah edirik”.
Milli komandanın üzvləri də qarşıdakı yarışlara ciddi hazırlaşdıqlarını, verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışdıqlarını və bunların sayəsində ölkəmizin aktivindəki medal sayının çoxalacağına inandıqlarını dedilər.
Turan Bayramov- güləşçi: “Avropa çempionatı Olimpiada öncəsi son iki güclü yarışdan biridir. Ona görə də mən və komanda yoldaşlarım dayanmadan məşqlər edirik ki, ən maksimal olan Avropa çempionluğunu əldə edək”.
Nurəddin Novruzov- güləşçi: “Yarışlara yaxşı hazırlaşırıq. Komandada Avropaya gedən ən gənc güləşçi mənəm. Mənim 20 yaşım var. Yaxşı hazırlaşırıq. Nəticələrimiz də yaxşı olacaq”.
Təlim-məşq toplanışına milli komandamızla yanaşı Qazaxstanlı güləşçilər də qatılıb. Artıq 7-ci dəfədir millimizlə birgə məşqlər edən Qazaxstan idmançıları bunun faydasından söz açdılar.
Maqzum Janbulat- məşqçi: “Biz bundan öncə yeniyetmələr və gənclərlə də burada hazırlıq keçmişik. Göygöldəki məşqlər bizə düşərli olub, komandamız müxtəlif əyarlı medallar qazanıb. İndi də yaxşı hazırlaşdıq. İnanırıq ki, bəhrəsi olacaq”.
Danyar Kaysanov- güləşçi: “Məşqlər əla keçdi. Şəraitdən razı qaldıq. Qidalanma da yaxşıdır. Yerli komanda bizi mehriban qarşıladı. Sparinqlərimiz oldu. Təcrübə qazandıq. Düşünürəm ki, Azərbaycan yığmasında yaxşı məşqçilər var. Milliniz həm fiziki, həm də texniki hazırlıq cəhətdən çox güclüdür”.
Sərbəst güləşçilərin Göygöl toplanışı gələn ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Ramin Paşayev
- Baxış: 162