Qadın voleybolçuların Yüksək Liqasında 9-cu turun oyunları keçirilib. Tur çərçivəsində Gəncənin eyniadlı komandası Yerli Olimpiya İdman Kompleksində "Abşeron"u qəbul edib. Çempionatın liderlərindən olan komanda ilə görüş meydan sahibləri üçün yaxşı başlamayıb. "Sarı-göylər" ilk iki setdə məğlub olublar - 17:25, 23:25. Tədricən özünə gələn və əzmkarlıq nümayiş etdirən "Gəncə" sonrakı setlərdə oyunda dönüş yarada bilib. 3-cü seti 25:18, 4-cü seti isə 26:24 xeyrinə başa vuran komanda hesabı bərabərləşdirib. Və həm də psixoloji üstünlük əldə edib. Amma tay-brekdə qonaqlar daha güclü olublar - 9:15. Beləliklə, 3:2 hesabı qələbə qazanan "Abşeron" Nizami yurdunu gülərüz tərk edib. Bu komandalar arasında ilk dövrədə Bakıda keçirilən oyunda da rəqib qalib gəlib.
Sergey Çasnavitski- “Gəncə”nin baş məşqçisi: “Uğursuz nəticəyə baxmayaraq, mən öz komandamla fəxr edirəm. Heyətimizdə itkilər vardı. Zədə səbəbindən bəzi voleybolçular komandaya kömək edə bilmirlər. 9 voleybolçu ilə oyuna çıxmışdıq. Əvəzetmə edə bilmirdik. Oyunu xilas etməyə çalışdıq. Digər oyunçularımızdan da yararlana bilsəydik, əminəm ki, nəticə başqa cür ola bilərdi. Qızlara “bravo” deyirəm. Bu, bizim mövsümün əvvəlindən ən yaxşı oyunumuz idi”.
Azad Mustafayev
- Baxış: 139