Voleybol üzə Azərbaycan çempionatının ilk yarısındakı oyunlarının nəticəsinə əsasən 3 xal toplayan “Gəncə” klubu “Milli Aviasiya Akademiyası” ilə birlikdə turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür. Baş məşqçi komandanın çıxışını qənaətbəxş hesab edir. O, müəyyən səbəblərdən bəzi oyunlarda tam gücləri ilə çıxış etmədiklərini dilə gətirdi. Artıq bütün diqqətin ikinci dövrəyə və playoffa yönəldiyini qeyd etdi.
Sergey Çasnavitski- baş məşqçi: “Daha yaxşı ola bilərdi. Əvvəllər də dəfələrlə bildirdiyim kimi, ilk mərhələdə 4 dövrə oynayırıq. Əsas məqsəd playoffa yüksəlməkdir. Bunlar da ilk 4 komandadır. Playoffda isə artıq toplanan xallar qeydə alınmır. Bu mərhələdə artıq medallara köklənirik. Məğlub olanlar isə mübarizəni tərk edir”.
Belaruslu mütəxəssis əvvəlki müsahibələrində komandanın yaxşı çıxış etməsi üçün oyunçuların özgüvən problemlərini həlletməli olduqlarını bildirmişdi. Bu istiqamətdə işlərin necə getdiyi ilə maraqlandıq.
Sergey Çasnavitski- baş məşqçi: “Artıq irəliləyiş var. Hiss olunur. Tam olmasa da mövsümün əvvəlindəki çıxışlarımızdan fərqlidir. İndi qızlar öz qüvvələrinə inanırlar, imkanlarını düzgün qiymətləndirirlər. Bəzən unudurlar, ancaq bütövlükdə irəliləyiş hiss olunur. Bu isə əlbəttə ki, bizi sevindirir”.
Hazırda komanda gərgin məşqlər keçir. Voleybolçuların diqqəti ümumi fiziki hazırlığa yönəldilib, onlar Gəncə Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə məşq edirlər.
Leyla Parşkova- kapitan: “Yeni il tətilindən sonra məşqlərə qatılmışıq. Bəzi oyunçularımızda zədələr olsa da, ilk matçımıza hazırlıqlarımız davam edir. Yaxşı nəticə nümayiş etdirməyə çalışırıq. Komandada çox yaxşı atmosfer var, bayram sonrası hamının kefi yerindədir. Qələbələrə hazırıq”.
Onu da qeyd edək ki, “Sarı-göylər” iki oyunçusu ilə yollarını ayırıb. Bunlar rusiyalı Anna Dmitrieva və Anna Balberovadır. Hər iki idmançı ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sergey Çasnavitski- baş məşqçi: “Bəzi oyunçularımız reabilitasiya mərhələsindədirlər. Əlbəttə komandamızda artım da olacaq. Gedən oyunçuların yerinə heyətə iki voleybolçu qatmaq istəyindəyik. Biri ötürücü, digəri isə 4-cü xətt oyunçusudur. Hazırda danışıqlar gedir. Kimliklərini gələcəkdə açıqlayacağıq. Viza məsələləri həll olunur. Başqa nəzərdən keçirdiyimiz oyunçular da var. Düşünürəm ki, yanvar ayının sonunda komandamız tam formalaşacaq”.
Gəncə komandasının ikinci yarıdakı ilk rəqibi UNEC komandası olacaq. Gəncəlilərin ev oyunu yanvarın 13-də voleybolun regionlarda daha da populyarlaşmasına nail olmaq məqsədi ilə Tovuz Olimpiya İdman kompleksində keçiriləcək. Qarşılaşmanın start fiti saat 16-da səslənəcək.
Ramin Paşayev
- Baxış: 155