• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 13.06.2024 18:44

Bağçası olmayan ucqar kənddə məktəb-bağça

KepezTV Player

Bir kənddə 1 bina, həm məktəb, həm bağça. Söhbət, Göygölün Köşküsündən gedir. Kənddəki məktəb binasının 1 otağı balacaların istifadəsinə verilib. Burada tədris və təlim prosesinin necə uyğunlaşdırıldığı ilə tanış olaq.

Bura Göygöl rayonunun Köşkü kəndidir. Rayon ərazisindən 9 km kənarda yerləşən kəndin 475 sakini var. Kənddə bağça sonuncu dəfə Sovet dövründə olub. Daha sonra tələbat olsa da bağça tikilməyib. İndi isə bu xidmət kənddə fəaliyyət göstərən məktəbin sinif otağında təşkil olunur.

Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil xidmətlərinin təmin olunması üçün fərqli maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdən keçirir. Bu məqsədlə bağçası olmayan ucqar kəndlərdə “Erkən öyrənmə qutusu” adlanan layihə icra edir. Yəni məktəblərin 1 otağı 3-5 yaşlı uşaqlar üçün ayrılaraq həftədə 4 gün 3 saat olmaqla təlimlər keçirilir. Pilot layihənin tətbiq olunduğu məkanlardan biri də Göygölün Köşkü kəndində də tam orta məktəbin 1 sinifi bu məqsədlə ayrılıb. 

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Pilot qrant proqramının həyata keçirilməsində əsas məqsəd məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin edilməsi istiqamətində qrant vasitəsilə maliyyələşdirmə mexanizminin sınaqdan keçirilməsidir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tərkibində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən yalnız Göygöl rayonunun Köşkü kəndində bu layihə icra olunur. Layihə çərçivəsində sinif otağı müəyyənləşdirilmiş və uşaqlar buraya cəlb olunmuşdur”.

Kənddə uzun illərdir məktəb olsa da, 30 ildən çoxdur bağça yoxdur. Məhz bu səbəbdən pilot layihəyə seçilən məktəblər sırasında Köşkü məktəbi olub. Mart ayından Köşkü və ətraf kəndlərdən olan 12 uşaq təlimlərə qatılır.

Aynur Rəşidova- valideyn: “Köşkü kənd sakiniyəm. Uşağımın 5 yaşı var. Bağçaya qoymaq istəyirdik. Eşitdik ki, kəndimizdə 1 otaq ayırıblar. Çox şad olduq, yazıldıq bura. 4 aydır bura gəlir. Artıq bizdən ayrı durur, kollektivin içində hərəkətlərini düzəldib. İstəyirik ki, bu bağça uzunmüddətli olsun”.

Təlimlər zamanı uşaqlara fərdi və sosial, emosional intellekt, nitq, idrak, fiziki bacarıqlar, həmçinin riyazi və dil savadı, ətraf mühit intellekti daxil olmaqla bütün öyrənmə sahələri mənimsədilir. Bununla belə beynəlxalq təcrübədə də alternativ model olaraq erkən təhsil qutusunun hazırlanması təcrübəsi geniş yayıldığından uğurlu nəticələri tətbiq olunur. 

Aişə Zeynalova- tərbiyəçi-müəllim: “3-5 yaşlı uşaqların inkişaf proqramı üçün çalışırıq. Keçirilən mövzular əsasən onların 4 əsas inkişaf proqramına əsaslanıb və mövzular eston və yerli təhsil mütəxəssisləri tərəfindən hazırlanıb. Düşünürəm ki, uşaqların gələcək həyatında, onların şəxsiyyət kimi yetişməsində uğurlu, nəticəyönümlü və əlverişli bir layihədir”.

Bununla belə məktəbəqədər təhsil modeli məktəbdəki dərs prosesinə çətinlik yaratmır. Əksinə, uşaqlar 1-ci sinfə gəldikləri zaman hazırlıqlı olurlar.

Eldəniz Səttarov- Köşkü kənd tam orta məktəbinin direktoru: “Məktəbəqədər və bağça olmadığına görə şagirdlər 1-ci sinfə gəldikləri zaman çox çətinlik çəkirdilər. Bizə lazım idi ki, hər hansı məktəbəqədər və ya bağça forması olsun. 2023-2024-cü ildə qrant müsabiqəyə müraciət etdik. Dərs prosesinin digər tədrisə də maneəsi yoxdur. Məktəbimizdə hal-hazırda 12 sinif otağı vardır ki, onun da 9-u şagirdlər üçün istifadə olunur. 3 otaq isə inzibati və digərləri üçün nəzərdə tutulmuşdur ki, onlardan birini məktəbəqədər icma üçün etmişik”.

Pilot layihə respublika üzrə 16 məktəbdə həyata keçirilir. Layihənin davam etmə müddəti 6 aydır. Nəticələr qənaətbəxş olarsa prosesə daimi yaşıl işıq yandırılacaq.

Aişə Rzayeva