Azərbaycanda 2024-cü ilin I rübündə 576 nəfər ad, ata adı və ya soyadını dəyişdirib. Həmin şəxslərin şəxsi məlumatları artıq dövlət qeydiyyatına da alınıb. Bəs artan bu tendensiya nədən xəbər verir və ya səbəbi nədir?
Ad, soyad və ata adını dəyişdirmək istəyənlərin sayı günü-gündən çoxalır. Kimisi bəyənmədiyindən, kimisi adın ona düşərli olmadığından, bəziləri də subyektiv səbəblərdən bu addımı atır. Yəqin ki, bütün insanlar ömründə ən azı bir dəfə də olsun adını dəyişdirmək istəyib. Özünə başqa ad yaraşdırıb. Elə müsahibimiz Azər Quliyev kimi.
Azər Quliyev- şəhər sakini: “Sovet dönəmində - 70-ci illərdə avamlıq, təhsilsizlik səbəbindən valideynlərimin qoyduğu ad uyğun gəlmədi. Mənə Yava adı qoymuşdular. Amma sonrakı dövlərdə bu ad çox maneələr törətdi. Hansısa məclisə gedirdim, idarəyə gedirdim. Baxırdım ki, üzümə deməsələr də, hiss edirdim ki, gülünc obyektinə çevrilirəm. Çox lağa qoyulurdu dostlar arasında. Fikirləşdim ki, artıq müasir dövrdür. Məhkəməyə müraciət elədim və Azər adını seçdim. Hazırda da bu adı daşıyıram”.
İndi valideynlər uşaqlarına daha çox əcnəbi mənşəli adların seçilməsinə üstünlük verirlər. Övladlarına nadir və qeyri-adi adlar qoyurlar. Bu da hər zaman uğurlu alınmır və xoş səslənmir.
Şəhər sakini: “Müasir dövrə uyğun ad tapılmaldır. Çünki o keçmiş adları bir də görürsən ki, uşaq bəyənmir. Ona görə də yeni və gözəl adlarımızdan seçib, qoymaq lazımdır”.
Şəhər sakini: “Birinci növbədə milliyətimizə uyğun adlar olmalıdır. Türk mənşəli, tariximizdən gələn adlar olmalıdır. Filmlərdən götürülmüş, hansısa digər millətlərə aid olan hansı ki, milli mənsubiyyətimizi göstərməyən adların qoyulmasının mən də əleyhinəyəm. Sovet dönəmində qoyurdular Konbayn, Yanvar. Əlbəttə o, uyğun deyil. İnsan böyüyəndə, özünü dərk edəndə başa düşür ki, ad normal deyil”.
Şəhər sakini: “Keçmiş adları babalar-nənələr qoyub. İndiki cavanlar böyüyüb, onları bəyənmirlər. 15-16 yaşından sonra başlayırlar adlarını dəyişməyə. Səbəb elə birinci budur. Ona gördə də valideynlər bugünkü gün müasir adlar nədirsə elə qoymalıdırlar ki, uşaqlar böyüyəndən sonra utanmasınlar”.
Son illər xüsusən adlarını dəyişənlərin çox olduğunu hüquqşünas Nail Qarayev da təsdiqləyir. Onun sözlərinə görə, ötən il təkcə Gəncədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə ad və soyadın dəyişdirilməsi ilə bağlı 104 nəfər müraciət edib.
Nail Qarayev- hüquqşünas: “Azərbaycan Respublikasının Ailə Məcəlləsində qeyd edildiyi kimi, 18 yaşına çatmış hər bir vətəndaş öz adını və soyadını dəyişdirmək hüququna malikdir. Və əgər barəsində məhkumluq və axtarışla bağlı heç bir təqib, araşdırma yoxdursa və təqdim etdiyi sənədlər qanunvericiliyə uyğun olduğu təqdirdə qısa müddət ərzində adın, soyadın, ata adının dəyişdirilməsi ilə bağlı əməliyatlar həyata keçirilir və müvafiq şəhadətnamələrlə təmin edilirlər”.
Deyirlər ki, insanın adı onun taleyinə yansıyır. Ona görə də uşağına ad seçən valideynlər yaxşı düşünməlidirlər. Eyni zamanda vəfat etmiş insanların adlarını da körpələrə qoymaq məsləhət deyil.
Ruziyə Quliyeva- filalogiya üzrə fəlsəfə doktoru: “Adlar insan həyatında çox mühüm rol oynayır. İnsan adı ilə ən azı fəxr eləməlidir. Adlar insanın taleyinə və xarakterinə təsir edir. Bir də görürsünüz adamın adını qoyurlar Kəsirə. Bu kəsirənin həyatında uğur olmur. Hər şey natamam şəkildə olur. O insanın, şəxsiyyətin həyat yolunu işıqlandıran, gözəlləşdirən adlar qoysaq düşünürəm ki, daha yaxşıdır”.
Mütəxəssislər tövsiyə edir ki, övladlarına ad seçən valideynlər onların bütün yaş dövrlərini nəzərə almalıdırlar. Onun utanacağı, lağ obyektinə çevriləcəyi adlar qoymamalıdırlar.
Aişə Rzayeva
- Baxış: 191