Ermənistanın müstəqillik aktında, konstitusiyasında, həmçinin Ermənistan parlamentinin qəbul etdiyi bir sıra qanunvericilik aktlarında, konstitusiya məhkəməsinin qərarlarında qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var. Bunu xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanın Ermənistan parlamentində keçirilən dinləmələr zamanı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, bunlar məlum faktdır və bununla bağlı məsələlər müxtəlif platformalarda qaldırılıb. Ceyhun Bayramov sülh sazişi layihəsində müsbət dinamikanın olduğunu da diqqətə çatdırıb.
Ermənistan xarici işlər nazirinin konstitusiya mövzusunda Azərbaycanla müəyyən paralellik aparmaq cəhdləri yumşaq formada desək, həqiqətdən uzaqdır. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, parlamentdə keçirilən dinləmələrdə Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında qarşılıqlı şəkildə problemlərin olduğunu deməsi qəbuledilməzdir. Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə keçirdiyi mətbuat konfransında danışan nazir bildirib ki, istər Azərbaycan konstitusiyasında, istərsə də istənilən digər qanunvericilik aktlarında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları yoxdur.
Ceyhun Bayramov- xarici işlər naziri: “Ona görə burada çalışıb, paralellik yaratmaq məsələsi qeyd etdiyim kimi qəbuledilməzdir. Əfsuslar olsun ki, ilk dəfə deyil ki, biz bu tendensiyaları görürük, bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, onların aləmində uyğun olmayan məqamlar qabardılarkən, bu barədə danışıqlar gedərkən, Azərbaycanda bunun analoqu olmasa da belə süni şəkildə bir güzgü effekti yaratmaq cəhdləri göstərilir”.
Nazir qeyd edib ki, bu addımlar rəsmi İrəvanın daxili auditoriyasına hesablanan gedişlərdir. Lakin nəzərə alsaq ki, belə ziddiyyətli fikirlər eyni zamanda beynəlxalq auditoriyaya da yayılır, o zaman sözügedən məsələ Azərbaycanın beynəlxalq tərəfdaşları arasında çaşqınlığa səbəb ola bilər. Buna görə, rəsmi Bakı bu cür iddiaları qətiyyətlə rədd edir. "Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur.”, - deyən nazir əlavə edib ki, sülh sazişi layihəsinə dair bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir.
Ceyhun Bayramov- xarici işlər naziri: “Bu, yalnız keçmiş layihələrin yenidən göndərilməsi deyil, burada biz müsbət bir dinamikanı müşahidə edirik. Normallaşma prosesinin digər elementləri sırasında xüsusi olaraq yeni mərhələyə aid olan və əhəmiyyət kəsb edən məqam Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiyasının və artıq demarkasiyasının da baş verməsidir. Biz nəzərdə tuturuq ki, bu proses nəticəsində, 30 ilə yaxın işğal altında olan 4 Azərbaycan kəndinin azad edilməsi prosesinin əhəmiyyəti və bunun ümumilikdə prosesə müsbət təsirləri barədə fikir mübadiləsi aparıldı”.
Macarıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişi alqışlayır. Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, Macarıstan Avropa İttifaqında sədrliyi dövründə bu regionda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək.
Peter Siyarto- Macarıstanın xarici işlər naziri: “Macarıstan Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə bağlı balanslaşdırılmış siyasət yürütməsinə və “alova yağ tökməməsinə” diqqət yetirəcək. Biz hesab edirik ki, Aİ minalardan təmizləmə üçün Ermənistana 10 milyon avro ayırmaq istəyirsə, Azərbaycana da oxşar yardım ayrılmalıdır, biz sülh prosesinə mane olmamalıyıq”.
Bu gün Azərbaycan ilə Macarıstan arasında strateji dialoqun ikinci iclası keçirilib. İclasda ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Vüsalə Cənnətova
- Baxış: 225