• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 04.06.2024 19:02

Qəbul imtahanlarında suallar çətin olub?

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi keçirilib. İmtahandan sonra sosial şəbəkələrdə sualların asan və ya çətin olması barədə müzakirələr geniş yayılıb. Bəzi fənnlərdən sualların bir qədər düşündürücü və çətin olduğu iddia edilir. 

DİM tərəfindən keçirilən qəbul imtahanının elə ilk günündən etibarən test tapşırıqlarının çətinliyi ilə əlaqədar sosial şəbəkələr üzərindən geniş müzakirələr başlayıb. Bəzi abituriyentlər builki imtahanlarda sualların əvvəlki illərə nisbətən daha çətin olduğunu iddia edirlər. Xüsusən də coğrafiya fənnindən verilən sualların buraxılış imtahanları səviyyəsindən qat-qat çətin olması vurğulanır. Bu səbəbdən abituriyentlərin xeyli bal itirdiklərini düşünürlər.

Rufat Həsənov- abituriyent: “Builki keçirilən qəbul imtahanında suallarından narazı qaldım. Mayın 26-da olan 2-ci qrup üzrə coğrafiya, tarixdən suallar gözlədiyimiz kimi düşmədi. Çox çətin oldu. Çox insan sualları yazmağı bacarmadı. Ən çox çətinlik coğrafiya fənnindən olmuşdu. Ekspertizanın rəyi də var idi ki, 20 il ərzində düşən ən çətin suallar bu olmuşdur. Onun üçün çox abituriyent gözlədiyi nəticəni toplaya bilmədi”.

Ülvi Tanrıverdiyev- abituriyent: “Mən 26 mayda keçirilən imtahanda iştirak etdim, 2-ci qrup üzrə. Bu imtahanda coğrafiya fənnindən düşən suallar məncə bir az çətin idi. Coğrafiyada 14 dənə uyğunlaşdırma sualı düşmüşdü. Bu uyğunlaşdırma sualları şagirdlərin çox vaxtını alırdı. Bu, məncə çox problemli bir şeydir. Həm də ki mövzular, yəni suallar ədalətsiz paylanmışdı. Bir mövzudan, misal üçün koordinat məsələlərindən 4 dənə sual düşmüşdü. Ona görə də şagirdlər istədikləri nəticəni toplaya bilməyib”.

Ağa Quliyev- abituriyent: “2 iyun qəbul imtahanında iştirak etdim, 1-ci qrup olaraq. Hamıda olduğu kimi, məndə də çətinliklər yarandı. Yəni əksər fənnlərdə suallar məncə gözlədiyimizdən çətin düşdü, ağır oldu. Fizika, kimya, elə riyaziyyatın ətraflı sualları da. Məncə bir az asan olsaydı daha yaxşı olardı”.

Elbrus Səmədov- abituriyent: “2-iyun 1-ci qrup üzrə imtahana daxil oldum. İmtahan məndə də öz çətinliyini biruzə Verdi, gözlədiyimizdən daha çox çətin oldu. O biri fənnlərə baxanda fizika fənni gözlədiyimizdən çətin oldu. Bu sualların çətin olmağı təbii ki, mənim kimi digər şagirdlərin də gözlədiyi balları aşağı saldı”.

Təhsil ekspertlərinin sözlərinə görə, ilkin nəticələrin təhlili imtahan suallarının böyük əksəriyyətinin əvvəlki illərdə olanlarla oxşar olduğunu göstərir. Təxminən 7-8 sual ötən il sınaq və qəbul imtahanlarında istifadə olunub. Həmçinin Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi test toplularından da bəzi suallar imtahanda yer alıb. 

Kamran Əsədov- təhsil eksperti: “Sualların təhlili göstərir ki, orda olimpiada sualları var idi. MİQ imtahanlarında istifadə olunan suallar idi və çətin hesab oluna bilərdi. Həmçinin 3-cü ixtisas qrupu üzrə tarix fənnindən təqdim edilmiş test tapşırıqları kifayət qədər daha yüksək hazırlıqlı abituriyent üçün suallar idi və çətin hesab oluna bilərdi. Ümumilikdə qeyd edim ki, bu test tapşırıqlarını yazanda müəlliflərin qarşılarında kitab olur və onlar rahatlıqla həmin sualları yaza bilir. Amma sualları cavablandıran abituriyentlər suallara cavab verdikdə onların qabaqlarında kitab olmur, onlar müəyyən vaxt ərzində müxtəlif fənndən cavab vermiş olurlar. Ona görə də biz imtahan suallarını çətin hesab edirik və aparılan təhlillər göstərir ki, cari ilin məzunları 1-ci imtahanda o qədər də yaxşı nəticə toplamayıblar”.

Məsələ ilə bağlı DİM-dən də münasibət öyrəndik. Bildirilib ki, fənlər üzrə test blokunun strukturu buraxılış imtahanlarındakı ilə eyni olub. Yəni sualların mürəkkəblik dərəcəsinə görə bölgüsü dəyişməyib. 

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Sualların ağır tərtib olunması, çətin tərtib olunması, DİM tərəfindən hansısa bir qərəzli şəkildə tərtib olunması bu, qəbuledilməzdir. Təbii ki, DİM keçirdiyi bütün imtahan proseslərinin hər birində namizədlərin imtahanı üçün, onların hər bir təhlükəsizliyi ilə bağlı tam lazımi şərait yaradır. Eləcə də imtahan suallarının tərtib olunması verilən proqrama uyğun tərtib olunur və ağırlıq, çətinlik təbii ki, o imtahan iştirakçısının bilik və bacarığından asılıdır. Biz DİM olaraq belə vəziyyətlə hər il qarşılaşırıq. Təbii qəbul edirik. Təbii ki, hazırlıqlı olmayacaq abituriyentin, namizədin bu suallarını təbii qəbul edirik”.

DİM-dən bildirilib ki, tapşırıqların mürəkkəblik dərəcəsi hər il nəzərdən keçirilir. Və vahid yanaşmaya bütün imtahanlarda riayət olunduğu müşahidə edilir.

Pərvin Abbaszadə