• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 01.06.2024 19:05

Şuşa mühüm tədbirlərə ev sahibliyi edib

KepezTV Player

Türk dövlətlərinin universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq. Bu barədə Şuşada Türk Akademiyasının Elmi Şurasının 7-ci İclasında müzakirələr aparılıb. Şuranın toplantısında daha hansı məsələlər müzakirə edilib?

“Bu gün keçirilən Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclasında konkret təkliflər irəli sürdük. Bu təkliflər sırasında Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin akademik məlumat bazasının yaradılması, bununla da ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanması yer alır". Bu fikirləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasında iştirak edən Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər.

Erol Özvar- Türkiyənin Ali Təhsil Şurasının sədri: “Universitetlərin uyğunlaşdırma və tanınma prosedurları ilə məşğul olacaq ortaq bir qurumun yaradılması təklif edilib. Türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Eləcə də tələbə aktivliyi yüksək səviyyədə olsa da, bu sahədə tanınma ilə bağlı ciddi problemlər var. Bu problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birininin təhsil nümayəndələri bu fikri müsbət qarşıladılar”.

Qarabağda Şuşa Real Məktəbinin fəaliyyət istiqamətləri də bəlli olub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev danışıb. Nazirin sözlərinə görə, 2026-cı ildə Şuşa Real məktəbində təhsil başlayacaq. Daha çox incəsənət və mədəniyyət istiqamətində ixtisasların olduğu müəssisə, orta ixtisas və ali təhsil verən qurum olaraq fəaliyyət göstərəcək. 

Emin Əmrullayev- elm və təhsil naziri: “Təhsil müəssisəsində ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək. Şuşadakı bütün təhsil müəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq, filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra bu barədə daha çox şey deyə bilərik”.

Şuşa türk dövlətlərinin məktəblilərinin uşaq yaradıcılıq festivalına da ev sahibliyi edib. "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Vüsalə Cənnətova