Təhsil Respublika İdman Mərkəzində 1995-ci ildən məşqçi fəaliyyətinə başlayan Mehman Allahverdiyev çox sayda idman ustası və idman ustalığına namizəd yetişdirib. Onun yetirmələri arasında yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları var. Əməkdar məşqçinin qadın idmançılar arasında da Mundialda və Avropa birinciliyində, İslam oyunlarında yer tutan yetirmələri var. Güləş idmanında göstərdiyi nəticələr dövlətin də diqqətindən yayınmayıb. Bu il idman ictimaiyyətinin təltif edilənləri sırasında Mehman Allahverdiyev də olub. Xankəndidə təşkil olunmuş tarixi mərasimdə iştirak edən məşqçi təəssüratlarını bölüşür.
Mehman Allahverdiyev- "Tərəqqi" medalı ilə təltif edilən: “Çox izdiham var idi. Orada cənab Prezidentin bizə verdiyi “Tərəqqi” medalı, həmin o futbol yarışı. Həm Azərbaycanın 4 minə yaxın sakininin həmin o futbol yarışında, tədbirdə iştirakı, böyük izdiham çox sevindirici idi. Bu hissi yaşamaq lazım idi. Mən, bunu yuxularımda xəyal eləyirdim. Düşünürdüm ki, görəsən, biz nə vaxtsa Xankəndidə güləş yarışında və yaxud futbol yarışında olacağıqmı? Biz bunu canlı yaşadıq. Mən buna görə Cənab Prezidentimizə, şəhidlərimizə, qazilərimizə, bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm ki, bu hissləri bizə yaşatdılar. Bu gündən sonra biz daha da yüksək əhval-ruhiyyə ilə işləyəcəyik ki, bizə verilən bu etimadı doğruldaq”.
Məşqçi-müəllimin qarşıdakı məqsədi yetirmələrinin həm böyüklər, həm də yeniyetmələr arasında Olimpiya Oyunlarında iştirakına nail olmaqdır. Belə ki, onun rəhbərlik etdiyi idman liseyinin məzunu və şəxsi məşqçisi olduğu Gültəkin Hacıyeva 2024-cü il Olimpiya oyunlarına lisenziya xarakterli turnirlərə qatılıb. Digər perspektivli idmançılardan yeniyetmələr arasında Olimpiya oyunlarını hədəfləyən Hüseyn Savadov və Əli Məmmədov da var.
Ramin Paşayev
- Baxış: 285