• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 18.12.2023 19:43

Okeanın o tayından gəlib basketbolda uğurlu olmaq

KepezTV Player

İrşaad əslən Kanadalıdır, Torontoda Skarbro şəhərində dünyaya göz açıb. İlk diqqətimizi çəkən onun adının şərq mənşəli olması oldu. Sən demə İrşaad, məşhur Kassius Kley kimi İslam dinini qəbul edib və bu səbəbdən də adını dəyişdirib. O, 12 yaşından basketbolla ciddi məşğul olmağa başlayıb. 15 yaşındaykən ABŞ-a yollanıb. Müxtəlif ştatlarda təhsilini davam etdirən İrşaad, ən son Texasda Universitet komandasının heyətində 1-ci divizyonda çıxış edib. İlk sualım daha öncə Azərbaycan haqda məlumatının olub-olmaması ilə bağlı idi. 

İrşaad Hant- "Gəncə"nin kanadalı basketbolçusu: “Əfsuslar olsun ki, Azərbaycan haqqında heç bir şey eşitməmişdim. Bildiyim o idi ki, Türkiyəyə yaxındır. Ancaq buraya gəldiyim üçün peşman deyiləm. Gözəl ölkədir. Yeməkləri çox gözəldir və insanlar mehribandır”.

O ki qaldı peşəsinə. Basketbolu asan idman növü kimi dəyərləndirmir. Uğura aparan yolda maneələrin olduğunu deyir. 

İrşaad Hant- "Gəncə"nin kanadalı basketbolçusu: “Bu idmanda uğurun sirri mənəvi cəhətdən güclü olmaqdır. Çünki o qədər çətinliklər olur ki, onların hamısına tab gətirə bilmək üçün mənəvi gücün olmalıdır”.

Əlbəttə, idmançının uğurlu olması üçün fiziki göstəriciləri və psixoloji hazırlığı da önəmlidir. Mənəvi gücü özündə tapmaq üçün hansı psixoloji üsullardan istifadə edilməlidir?

İrşaad Hant- "Gəncə"nin kanadalı basketbolçusu: “Çoxlu nəfəs hərəkətləri edirəm. Eyni zamanda yoqa ilə də məşğul oluram. Hər iki üsül şüuru təmizləməyə, sakitləşməyə, xüsusən də ürək döyüntüsünü normallaşdırmağa xidmət edir. Ürək döyüntülərini sakitəşdirəndə hər şeyi real zamanda görürsən. Sürətli görünən çox şey əslində o qədər də sürətli deyil”.

İrşaad, Azərbaycan basketbolunun gələcəyinə nikbin baxır. Onun fikrincə 3-4 il müddətində basketbolun daha da kütləviləşəcəyini, liqanın daha da inkişaf edəcəyini görmək olar. Azarkeşlərin basketbola marağının yüksək olduğu, yerli basketbolçuların da zamanla ustalıqlarını artıracağı qənaətindədir. 

Ramin Paşayev