• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 17.12.2023 20:17

Saleh Həsənovun şərəfinə turnir təşkil olunub

KepezTV Player

Mayor Saleh Həsənov Zəfərlə başa çatan Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətləri ilə seçilib. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq nümunəsi göstərib. Və buna görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Yarışın açılış mərasimində iştirak edən qəhrəmanın silahdaşları, birinci Qarabağ müharibəsinin veteranları onun haqqında danışarkən belə deyiblər. Tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub və ardından mübarizəyə start verilib. Birincilikdə 2 yaş kateqoriyasında 2009-2011 və 2012-2014-cü il təvəllüdlü güləşçilər arasında ən güclülər müəyyənləşdirilib. 150 pəhləvan 20 çəki dərəcəsində mükafatlar uğurunda mübarizə aparıb. 

Saleh Həsənov- Vətən Müharibəsi Qəhrəmanı: “Mənim adıma təşkil olunmuş belə bir yarışın keçirilməsinə görə bütün Goranboy rayonunun rəhbər heyətinə təşəkkürümü bildirirəm. Gənclərə və idmana belə diqqətin yetirildiyinə görə başda cənab Ali Baş Komandanımız olmaqla bütün idman sahəsində zəhməti keçən hər bir kəsə minnətdarlığımı bildirirəm. Yeniyetmə və uşaqlar üçün belə yarışın keçirilməsi çox mühüm tədbirlərdən biridir. Çünki uşaqlar bizim gələcəyimizdir və gələcəkdə inkişaf etmiş Azərbaycanın yetişməsi üçün belə uşaqlara bizim çox ehtiyacımız var”.

Xüsusi qonaq qismində yarışa dəvət alan əslən goranboylu, yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədov bu cür turnirlərin əhəmiyyətindən söz açıb.

Taleh Məmmədov- Dünya və Avropa çempionatlarının mükafatçısı: “Çox önəmli və vacib məsələdir. Böyük güləşçi olmaq üçün bu yarışları keçmək lazımdır ki, məşqçilər onların səhvlərini görsünlər və o səhvlərin üzərində çalışsınlar ki, bir daha o səhvləri işlətməsinlər. Daha böyük yarışlarda o səhvlər təkrarlanmasın və bu balaca yarışlar böyük yarışların motivasiyasıdır. Çünki mən də belə yarışlardan keçmişəm və bu yarışların mənə olan böyük dəstəyi sizə deyərdim ki, qalib gəlməyimin ilk amillərindən biridir. Uşaqları bu yarışlar bərkidir və belə yarışlar böyük şanslar vəd edir”.

İdmanda nailiyyət əldə etmək üçün gənc həmkarları nələrə diqqət yetirilməli və hansı keyfiyyətlər inkişaf etdirilməlidir sualına isə Məmmədov belə cavab verib:

Taleh Məmmədov- Dünya və Avropa çempionatlarının mükafatçısı: “Hər bir idmançının ilk öncə qabağında məqsədi olmalıdır. Dünya və Avropa çempionu olmaq üçün. Və o məqsədə çatmaq üçün rejim deyə bir şey var. O rejimə riayət eləmək lazımdır. Vaxtlı-vaxtında yeməlidir, vaxtlı-vaxtında yatmalıdır, vaxtında durmalıdır və ən əsası məşqçilərin və valideynlərin sözünə qulaq asıb, yaxşı tərəfdən, yaxşı cəhətdən yaxşı əməlləri yerinə yetirməlidir ki, həmin insandan böyük bir idmançı yetişsin”.

Yarış elə böyük idmançı olmaq uğrunda ilk zəfərlərini əldə edən güləşçilərin təltifetmə mərasimi ilə də başa çatıb. İlk üçlükdə qərarlaşan pəhləvanlara medal və diplom təqdim olunub.

Ramin Paşayev