Sabah futbol üzrə Azərbaycan kubokunun II təsnifat mərhələsində "Kəpəz" paytaxtın "Baku Sporting" klubunu qonaq edəcək. Hazırlıqlarını Gəncədə tamamlayan Nizami Yurdunun təmsilçisi görüşə itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Fal Latir ilə Elmir Tağıyev və müdafiəçi Rüfət Əhmədov zədəli olduqlarından matçda iştirak edə bilməyəcəklər. Görüş Tovuz şəhər stadionunda saat 13:30-da start götürəcək. Qarşılaşmanın qalibi növbəti mərhələdə "Sabah" ilə üz-üzə gələcək.
Yeqor Xvalko- müdafiəçi: “Hər şey yaxşıdır. Planla irəliləyirik. “Səbail” ilə oyundan sonra bir gün istirahət etdik. Dünən məhsuldar məşqimiz oldu. Bu gün də məşq edirik. Sabah oyun olacaq. Kubok oyununa hazırlaşırıq. Kubok da bizim üçün önəmlidir. Yeni məşqçi heyətimiz var. Bizi “Səbail” ilə oyuna yaxşı hazırlamışdılar. Əlbəttə kiçik dəyişikliklər var. Hər məşqçinin futbola öz baxışı var. Biz də hələ ki, öyrəşirik. Bu, sürətli proses deyil, zaman tələb edir”.
Vurğun Hüseynov- müdafiəçi: “Ciddi hazırlaşırıq, çünki rəqibin heyətində Premyerliqa təcrübəsi olan futbolçular çoxdur. Ciddi hazırlaşmışıq. Çətin olacaq. Amma inşallah, hazırlaşmışıq. Çalışacağıq, yaxşı nəticə qazanaq”.
Adil Şükürov- "Kəpəz"in baş məşqçisi: “İndidən sonrakı oyunlar bizim üçün daha vacibdir. Həm çempionat, həm də kubok oyunlarımız var. Artıq qrafikə giririk. 3-4 gündən bir oyunlar olur. Bu oyunlarda artıq bütün futbolçularımızı görmək şansımız oldu. Bizim üçün vacib olan bu gün kubok oyununa hazırlaşıb, kubokda mərhələ keçərək çempionat oyunlarına daha çox hazırlaşaq. İlk növbədə komandamızda zədəlilər var. Çalışırıq ki, o zədəlilərimizi vacib olan çempionat oyunlarımıza hazırlayaq”.
Ramin Paşayev
- Baxış: 246