Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət millimiz Göygöldə Olimpiya oyunlarına hazırlaşır. Komandamız Paris-2024-də uğurlu çıxış edərək ölkəyə yaxşı nəticə ilə dönmək arzusundadır. Göygöl toplanışı da bu məqsədə xidmət edir.
10 günə yaxındır Göygöldə yerli Olimpiya İdman Kompleksində hazırlıq keçən yığmamız əsasən fiziki çalışmalara üstünlük verir. Toplanışda Olimpiyadaya lisenziya qazanan güləşçilərin hamısı yer alıb. Məşqçilər korpusu hazırlıq çərçivəsində fiziki məşqlərlə döşək məşqlərini paralel olaraq keçirlər. Olimpiada yolunda ilk məşq prosesi uğurlu çıxışa hesablanıb.
Aleksandr Tarakanov- milli komandanın baş məşqçisi: “Şəraitimiz əladır. Necə deyərlər, məşq elə və güləş. Hər şey yaxşıdır. Bizə göstərilən etimadı doğrultmalıyıq. Ümidləri doğultmağımız medaldan asılıdır. Olimpiya oyunlarında mükafat qazanmalıyıq. Uşaqlar buna kökləniblər, əzmlə, səylə məşq edirlər. Bəlkə kiminsə zədəsi ola bilər, amma buna fikir vermədən hazırlaşırlar. Çünki başa düşürlər ki, məqsəd birdir - Olimpiadada uğurla çıxış etmək. Uşaqlar ən yüksək nəticəyə can atırlar. Vaxtından əvvəl heç vaxt danışmağı sevmirəm, hər şey yaxşı olmalıdır. Güləşçilər bunu yaxşı başa düşürlər, son vaxtlar turnirlərdə necə mübarizə aparırlarsa, olimpiadada da o cür yarışıb, nəticə əldə edəcəyik”.
Paris-2024-ə lisenziya qazanan komandanın bütün üzvləri ancaq uğurla yarışaraq fəxri kürsüyə yüksəlməyi arzulayırlar. Öncəki olimpiadalarda mükafatçılar sırasına düşənlər isə medal kolleksiyalarına yeni mükafat əlavə etməyi hədəfləyiblər.
Göygöldəki təlim-məşq toplanışından sonra millimiz iyunun 30-da Vladiqafqaza yollanacaq. Orada 6 ölkənin olimpiyaçıları ilə birlikdə toplanış keçəcək komandamız əsasən döşək üzərində məşqlərə üstünlük verəcək. Olimpiada yolunda son məşq prosesi Qubada olacaq.
Orxan Cəfərzadə
- Baxış: 810