• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 05.04.2024 19:50

6 xəstəliyə qarşı yeni peyvənd

KepezTV Player

6 yaşadək uşaqların peyvəndlənməsində yenilik tətbiq edilir. 6 xəstəliyə qarşı peyvəndlər müəyyən dövrdən bir, ayrı-ayrılıqda yox, vahid vaksin formasında vurulur.  

Fransa istehsalı olunan Heksaksim peyvəndi azyaşlılarda difteriya, tetanus, göy öskürək, Hepatit B, poliomielit və B tipli hemofiliyaya qarşıdır. 

Ruhiyyə Qəhrəmanova- Gəncə şəhər GEM-in həkim-epidemioloqu: “Yeni doğulmuş uşaqlara, həmçinin doğum evlərində vərəm əleyhinə vaksini, hepatit B vaksinindən başqa digər vaksin almamış uşaqlara tətbiq edirik. Qalan uşaqlar, köhnə təqvimlə peyvənd vurulan uşaqlar köhnə təqvimlə də immunlaşdırmanı davam etdirəcəklər. Bir neçə vaksini eyni anda yeridirik və bu da uşaqlarda bir neçə xəstəliyə qarşı immunitetin yaranmasına səbəb olur. Onları gələcəkdə idarə oluna biləcək xəstəliklərdən qoruyur”.

Gəncəyə 1500 dozaya yaxın vaksin gətirilib və müvafiq Ailə Sağlamlıq Mərkəzlərinə verilib. Artıq tətbiqinə də başlanılıb. 

Rəşidə Məmmədova- tibb bacısı: “Üstünlüyü odur ki, uşaqları çoxlu xəstəlikdən qoruyur. Uşaqlar həm də bu peyvəndi çox rahat keçirir. Bu peyvəndlə yanaşı da sətəlcəm xəstəliyinə qarşı da peyvənd vurulur. Heç bir yan təsiri də yoxdur”.

Lalə Həsənova- valideyn: “Yeni peyvənd gəldiyi üçün bizi çağırdılar. Gəldik, müayinə olunduq. Körpəmizə də yeni peyvənd vuruldu”. 

Arzu Məmmədova- valideyn: “Uşağımı peyvəndə çağırdılar. Gətirdim, həkim yoxladı. Təzə peyvənd gəlibdir. Razıyam, hər şey yaxşıdır”.

Lalə Hüseynova- valideyn: “Övladımın peyvəndi ilə bağlı bizi çağırdılar, bura gəlmişəm. Yeni peyvənd vurdular, sağ olsunlar, minnətdarlığımı bildirirəm. Hər şey qaydasındadır”.

Peyvənd təqviminə uyğun olaraq aparılan proses 6 yaşadək uşaqları əhatə edir.  

Elnur Vahidoğlu