Daşınmaz əmlakın icbari sığortası fərdi yaşayış evi və mənzillərin yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Amma 2011-ci ildən icrasına başlanılan sığortanın bu növünə maraq demək olar ki, yox səviyyəsindədir. Statistik məlumatlara görə, evini könüllü olaraq sığortalayan əhali cəmi 10 faiz təşkil edir.
Elnur Həsənov- sığorta şirkətinin direktoru: “Könüllü müraciət edən şəxslər demək olar ki, azdır. Adətən banklarda girov qoyularkən, onda banklar tərəfindən tələb olunur, onda əmlak sığortalanır. Bundan başqa FHN-in əməkdaşları qeyri-yaşayış obyektlərində mütəmadi yoxlamalar aparır. Həmin sənədi tələb edirlər. Ona görə də qeyri-yaşayış obyektləri ilə bağlı müraciətlər çoxdur. Amma şəxslərin özünün mülkiyyətində olan fərdi yaşayış evlərinin icbari sığortası ilə bağlı müşahidələr azdır. Bakı şəhərində sığorta haqqı 50 manat, təminatı 25000 manat, Sumqayıt, Gəncə, Naxçıvanda 40 manatdır, təminatı 20000 manat, ölkənin digər rayonlarında sığorta haqqı 30 manat təminatı 15000 manat təşkil edir”.
Şəhər ərazisində keçirdiyimiz sorğu da deyilən fikri təsdiqləyir. Yəni vətəndaşların əksəriyyəti evini sığorta etdirməyib. Səbəb olaraq ya maddiyatı, ya da sənədlərin qaydasında olmadığını əsas gətirdilər.
Şəhər sakini: “Bir dəfə elədim, gördüm heç kim eləmir, sonra mən də eləmədim”.
Şəhər sakini: “Sənədləri düzgün deyil”.
Şəhər sakini: “Madiyyata görə”.
Şəhər sakini: “Evin çıxarışı yoxdur”.
Daşınmaz əmlakını sığorta etdirməyənlərə isə müəyyən cərimə və məhrumiyyətlər nəzərdə tutulub. Bu, qanunvericiliyin tələbidir və aidiyyatı qurumlar tərəfindən məcburi tələb olunur.
Nail Qarayev- hüquqşünas: “Bu, əsasən daşınmaz əmlakın alqı-satqısı, bağışlanması, dəyişməsi, eləcə də qarışıq müqavilələrin tərtibi və təsdiqi zamanı vətəndaşlardan tələb olunur. Olmadığı təqdirdə isə öz xidmətlərimizi təklif edərək, daşınmaz əmlakın sığortasını həyata keçiririk. Daşınmaz əmlakın icbari sığortasını həyata keçirməyən hüquqi və fiziki şəxslər üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə nəzərdə tutulub. Tətbiq edilən cərimənin məbləği 30 manatdır”.
Son 5 ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığorta bazarı 1.8 dəfə artıb. Belə ki, 2018-ci ildə bu sığorta növü üzrə yığımlar 30 milyon manatdan çox olduğu halda, 2022-ci ildə 54 milyon manata yaxınlaşıb. Bunun müqabilində sığorta ödənişləri 4 milyon manatdan 1 milyon manatadək, yəni 3,7 dəfə azalıb.
Aişə Rzayeva
- Baxış: 144