• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 02.09.2024 18:51

C.Bayramov: "N.Paşinyanın son mətbuat konfransında həqiqətə uyğun olmayan fikirlər səsləndirilib"

KepezTV Player

"Biz yaxın müddət ərzində beynəlxalq hüquqa əsaslanan və bizim milli maraqlara cavab verən versiyanı Ermənistana təqdim edəcəyik”. Bu fikirləri Xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı ilə Bakıda keçirdiyi mətbuat konfrasında səsləndirib. Bildirib ki, Ermənistan sülh sazişi layihəsinə 70 gündən sonra cavab verməklə yanaşı, onun bəzi önəmli məqamlarını mətndən çıxarıb. Nazir Nikol Paşinyanın Azərbaycan Konstitusiyası haqqında açıqlamasını da şərh edib.

Biz Ermənistan Baş nazirindən son mətbuat konfransında çoxsaylı təhrifli fikirlər eşitdik. Bu açıqlamanı xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında bildirib. Nazir deyib ki, Azərbaycan iyunun 24-də sülh sazişi layihəsi ilə bağlı öz cavablarını Ermənistana təqdim edib. Təxminən 70 gün sonra Baş nazirin mətbuat konfransından 1 neçə saat öncə Ermənistan Azərbaycana öz versiyasını geri qaytarıb.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Biz həmin verisiyaya baxandan sonra bizim gördüyümüz əsas nəticə ondan ibarətdir ki, ondan öncəki versiyada bir neçə tərəflərin razılığı olmayan, amma kifayət qədər önəmli məqamlar sadəcə olaraq mətndən çıxarılıb”.

Nazir bildirib ki, “Sülh sazişinin imzalanmasını mümkün edə biləcək əlavə meyarlar mövcuddur. Seçim Ermənistanındır. Bu ölkə qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir”. Ceyhun Bayramov Nikol Paşinyanın Azərbaycan konstitusiyasında da Ermənistana qarşı ərazi iddiları barədə açıqlamasına da münasibət bildirib.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Azərbaycan konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. Bu, çox asanlıqla yoxlanılan bir faktdır. Mən əlavə olaraq qeyd etmək istərdim ki, heç bir beynəlxalq aktor, heç bir prosesdə marağı olan tərəf Ermənistanın bu arqumentini ciddi qəbul etmir. Bu, Ermənistanın daxili auditoriyası üçün yönələn bir cəhddən və mesajdan əlavə bir şey deyil”.

Serbiyanın xarici işlər naziri Marko Curiç ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığını gücləndirməyə hazırdır. Nazir ikitərəfli əlaqələrin gücləndirilməsi istəyini də dilə gətirib. Əlavə edib ki, siyasi səviyyədə daha yaxşı işlər görmək üçün iradə mövcuddur.

Marko Curiç- Serbiyanın xarici işlər naziri: “Azərbaycanın suverenliyini və ərazi bütyövlüyü dəstəkləməyə davam edəcəyik. Bu bir prinsip məsələsidir. Biz təşəkkür edirik ki, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, sadəcə bizim ikitərəfli münasibətimizə görə baş vermir. Bu, təkcə iki ölkənin beynəlxalq hüquqa verdiyi önəmə görə, BMT-nin xartiyasına görə baş verir. Ölkəmizdə işsizliyi azaltmışıq. Azərbaycan da bu işləri görməkdə bizə kömək edib. Serbiya Şərqi Avropada Azərbaycanın etibarlı partnyoru olmaq istəyir. Həmçinin istəyirik ki, Azərbaycan üçün də elə olsun, partnyorluq əlaqələri daha da güclənsin”.

Nazirlər iki dövlətin əməkdaşlığının bundan sonra fərqli sahələrdə də, məsələn, əczaçılıq, kənd təsərrüfatı kimi istiqamətlərdə inkişaf etdiləcəyini də qeyd ediblər.