Ölkəmizdə uşaq futbolunun inkişafı qarşıya qoyulmuş əsas prinsiplərdən hesab olunur. İrəliləyiş yolunda atılan addımlar sırasında məşqçilərin iş fəaliyyəti ön sıradadır. Bu planda gənc futbolçuların bir klubdan digərinə transfer olunarkən ödənilən vəsaitin böyük qismi həmin gənci uşaq yaşlarından yetişdirən məşqçilərə çata bilər.
Söhbət böyük məbləğdən, daha doğrusu keçid üçün verilən 70 faizdən gedir. Bu haqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti Rauf Əliyev təşəbbüslə çıxış edib. O, Milli Məclisin Gənclər və İdman Komitəsinin iclasında bununla bağlı qanunvericiliyə əlavələr edilməsi barədə fikirlər söyləyib. Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti vəzifəsini də daşıyan millət vəkili belə bir qərarın AFFA İcraiyyə Komitəsində qəbul edildiyini, ancaq bunun qanunda da əksini tapmasını istədiklərini bildirib. Rauf Əliyevin çıxışı Gəncənin futbol təsərrüfatında müsbət rəy formalaşdırıb.
Azər Məmmədov- “Kəpəz” PFK-nın uşaq futbolunun rəhbəri: “Bu, bəyəniləsi qərardır. Açıq deyək, bu uşaq futbolunda çalışan məşqçilərə stimul yaradacaq. Bəzi məşqçilər var ki, məşqləri yola verirlər. Amma indi maddi qazancı fikirləşib başqa yerlərdən uşaqlar tapıb, onları yaxşı yetişdirməyə, üzə çıxarmağa çalışacaqlar”.
Azər Məmmədovun məsələ ilə bağlı söylədikləri onun həmkarı İlham Səmədov tərəfindən də dəstəklənir. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının futbol bölməsinin baş məşqçisi də bu qərarın məşqçilərin stimullaşmasına və futbolun daha sürətlə inkişafına yol aça biləcəyinə inanır.
İlham Səmədov- TRİM-in Gəncə filialının futbol bölməsinin baş məşqçisi: “Əgər bu qanun qüvvəyə minsə, bizim məktəbin müəllimləri, eləcə də digər məşqçilər öz üzərlərində daha çox işləyəcəklər. Çünki gələcəkdə gəlirləri daha çox ola bilər. Məşqçinin gələn gəlirdə öz marağı olacaq. Həvəslənəcəklər, daha çox işləməyə meyl edəcəklər”.
“Kəpəz”in uşaq futbolunun rəhbəri olan Azər Məmmədovdan çalışdığı klubun uşaq, yeniyetmə və gənclərlə müqavilə məsələsinin necə tənzimləndiyi haqda da soruşduq.
Azər Məmmədov- “Kəpəz” PFK-nın uşaq futbolunun rəhbəri: “19 yaşa kimi qeyri-peşəkar müqavilə bağlanılır. Amma bu o demək deyil ki, uşaq ürəyi istəyəndə başqa yerə gedə bilər. Müqaviləni valideynlə 3 illlik bağlayırıq. Çünki uşaq həddi-buluğa çatmamış olur. 3 il müddətində oyunçunun başqa yerə getməsinə mane olmağa ixtiyarımız var”.
Klubla yanaşı, idman məktəblərində də müqavilələr eyni qaydada və 3 illik müddətə bağlanılır. Müqavilə qüvvədən düşəndən sonra tərəflərin razılığına əsasən, anlaşma yenilənir.
Böyük futbolun əsas inkişaf istiqamətlərindən biri, bəlkə də elə birincisi uşaq futbolunun tərəqqisidir. Odur ki, bu sahəyə diqqət və qayğı əsas məsələlərdən olmalıdır.
Azad Rəfi
- Baxış: 652