"Sülh müqaviləsi ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır" deyən Prezident qeyd edib ki, əgər kimsə kömək etmək istəyirsə, Azərbaycan buna etiraz etmir. Ancaq bu kömək məcburi olmamalıdır.
Prezident İlham Əliyev bu il Qarabağ və Şərqi Zəngəzurda aparılacaq yenidənqurma və bərpa işlərindən, o cümlədən keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının təmin edilməsi istiqamətində atılacaq addımlardan da danışıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır”.
Dövlət başçısı qeyd edib ki, infrastruktur layihələri bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmağa imkan verir. Onlar 2024-cü ildə 5 şəhərə geri dönəcəklər.
"İşğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı bu məsələni qaldırmışdım." deyən Prezident İlham Əliyev, bu məsələnin delimitasiya ilə bağlı komissiyaların gündəliyində də dayandığını vurğulayıb. Komissiyaların növbəti görüşünün bu ay keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Azərbaycanın çoxəsrlik tarixində hesab edirəm ki, buna oxşar Zəfər olmayıb. deyən Prezident İlham Əliyev əlavə edib ki, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır.
Dövlət başçısı Azərbaycanın COP29-un prezidenti kimi xüsusi rola malik olacağını da diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa hazırdıq və bu, ölkəmiz üçün də böyük bir təcrübə olacaq. Bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir.
Vüsalə Cənnətova
- Baxış: 152