• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 16.11.2023 19:02

Qiyməti ucuzlaşan ət yenidən bahalaşa bilərmi?

KepezTV Player

Ət qida rasionumuzun əsas hissəsini təşkil edir və ona olan tələbat daim var. Bir neçə ay bundan öncə Gəncədə istər mal, istərsə də qoyun ətinin qiymətində bahalaşma olsa da, indi ətin qiyməti ucuzlaşıb. Alıcılara mal əti 13, qoyun əti isə 15-16 manata satılır. Bununla belə qəssablar bir müddət öncəyədək gün ərzində 50-60 kq ət satdıqları halda, indi bu göstəricinin 20-30 kq-a endiyini deyirlər. 

Zahid Hüseynov- alıcı: “Ətin qiyməti 1 manat düşübdür. Büdcəmizə xeyri var. İstərdik ki, elə də qalsın”.

Şamil Muradov- alıcı: “Nə qədər aşağı olsa, kasıb təbəqəyə xeyiri olar. Ətin qiymətinin düşməyi bizi qane edir”.

Mail Hacıyev- alıcı: “14 manata alırdıq, indi 13 manat alırıq. Qane edir, bundan da aşağı düşsə daha da yaxşı olar”.

Tural Məmmədov- qəssab: “Mal əti də, quzu əti də 50 qəpik, 1 manat aşağı düşübdür. Bu da alıcı qüvvəsinin zəifləmisi ilə bağlıdır. Qabaqlar əti sata bilirdik, indi alan yoxdur. Çox zəifçilikdir, satılmır”. 

Rüstəm Əliyev- qəssab: “Aşağ düşməyi onunla bağlıdır ki, alıb dama doldurub, heyvan kökəlib, vaxtı çatıbdır. Yeməyi artıq saxlayanın cibindən gedir. Məcburiyyət qarşısında qalıb, qiyməti aşağı salır. Alıcılıq dəhşət zəifdir”. 

Malik Mirzəyev- qəssab: “Mal əti 14 manat idi, 13 manata düşübdür. Alıcılıq qabiliyyəti zəifləyib, camaatda pul yoxdur. Onunla əlaqədardır. Ət üstümüzə baha oturur, ancaq ucuz qiymətə satırıq”.

Heyvanların yem təminatında da çətinlik yoxdur. Qiymətlər də təsərrüfat sahibləri üçün sərfəlidir. 

Qamət Həziyev- satıcı: “Keçən ilə nisbətən qiymətlər çox düşübdür. Ancaq bazarda alıcılıq qabiliyyəti çox zəifdir”.

Vüsal Bayramov- satıcı: “Keçən il buğda 60-65 qəpik idisə, bu il 35-36 qəpikdir. Mal yemləri də - çiyid, çımıx, şulka da nisbətən düşübdür. Hardasa 10-20 qəpik düşübdür”. 

Heyvan bazarında da həm xırda, həm də iribuynuzlu heyvanların satış qiyməti ucuzlaşıb. Təsərrüfat sahibləri bunu, yemin qiymətinin aşağı olması ilə əlaqələndirir. 

İlkin Məmmədov- təsərrüfat sahibi: “İki ay bundan qabaq heyvanı 12 manat 50 qəpiklə kəsdirmişdim. Ancaq indi 12 manatla kəsirlər. Ət 13 manatdır, 12 manatla kəsirlər. Qəssablar 1 manat əskik kəsirlər. Yemin belə qalmasına görə sərf edir. Amma yem 48-50 qəpik olsa, sərf etməyəcəkdir”.

Arzu Vəliyev- təsərrüfat sahibi: “Özümün şəxsi təsərrüfatımda 200 baş xırdabuynuzlu heyvanım var. Ötən ilə baxanda yemin qiyməti düşüb. Hazırda saxlamağa dəyər”.

Görünən odur ki, ətin qiymətinə heyvanların yem təminatı təsir göstərib. Ucuzlaşmanın hələ bir müddət davam edəcəyi gözlənilir. 

Elnur Vahidoğlu