Konstantin Abramenko həyatını Azərbaycan futboluna həsr edib. Bu idman növünün tərəqqisi üçün əməli fəaliyyətlə yadda qalıb. Onun başçılıq etdiyi komandalar Sovet dövründə İttifaq miqyaslı müxtəlif səviyyəli turnirlərdə Gəncəni layiqincə təmsil edərək mükafatlar qazanıblar.
Məhəmməd Məmmədov- Əməkdar məşqçi: “Mən bu insanda insani keyfiyyətləri çox görmüşəm. İndi olmasın, rəhmətlik mənimlə yaxın olub. Hakimlik dövründə, də məşqçilik dövründə də nəsə olanda yaxınlaşırdı deyirdi ki, bu qaydalarda dəyişiklik var, bunları necə başa salmaq olar. Deyirdi uşaqlarıma oyun qaydalarından başa sal. Onlar oyuna çıxanda deməsinlər ki, mənim uşaqlarım qaydaları bilmirlər. Deyirdim Kostya dayı, indidən sonra... Deyirdi yox. Hər bir zaman öyrənmək gec deyil. Yəni gələcək nəsil, siz də elə fikirləşməyin ki, hər şeyi bilirsiniz. İnsan hər günü, hər saniyəni öyrənə-öyrənə yaşamalıdır”.
Konstantin Abramenkonun 100 illik yubileyi ilə bağlı “Kəpəz” klubunun nəzdində fəaliyyət göstərən futbol akademiyasının rəhbərliyi, məşqçiləri və oyunçuları, əsas və əvəzedici komandaların məşqçi və futbolçu heyəti dahi məşqçinin məzarını ziyarət edib. Gəncə klubunun təşəbbüsü ilə Fəxri Xiyabanda Abramenkonun yenilənən məzar daşı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Yetirmələri “Kostya dayı” ilə bağlı xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar. Konstantin Abramenkonun dövrünün bacarıqlı, zəhmətkeş məşqçisi olduğu bildirilib. Digər çıxış edənlər onun Azərbaycan futboluna 10-larla güclü oyunçu bəxş etdiyini vurğulayıblar. Abramenkonun qoyduğu ənənənin akademiyada davam etdirilməsinin vacibliyi qeyd edilib.
Əməkdar məşqçinin 100 illik yubileyi münasibəti ilə AFFA tərəfindən yenilənən Lokomotiv meydançasında xatirə turniri təşkil olunub. Yarışın açılış mərasimində şəhərin futbol ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirdə şəhid övladlarına AFFA tərəfindən hədiyyələr təqdim olunub.
Briliant Əsgərova- şəhid anası: “Futbol təşkilatının bütün üzvlərinə, eləcə də başda AFFA komanasının ümumi rəhbərliyinə, onun komandasına dərin təşəkkürümü bildirirəm. Tez-tez bizim uşaqları yad eləyirlər. Tez-tez bizim uşaqlarla əlaqə saxlayırlar. Yəni şəhid uşaqlarını yaddan çıxartmırlar”.
Turnirdə 2014-2015-ci il təvəllüdlü uşqalardan ibarət 4 komanda iştirak edib. Gəncəni iki komanda – “Lokomotiv” və “Kəpəz” klubunun futbolçuları təmsil edib. Digər iki kollektiv isə "Qəbələ" və "Turan Tovuz"un yetirmələrindən ibarət olub.
Nurəddin Əliyev- veteran futbolçu: “Bu yarış çox yaxşı yarışdır. Bizim Gəncə gənclərinə də bir təkandır. Yəni necə deyim, futbolu öyrənib, oynamaq lazımdır. Bu, "Kəpəz"in demək olar ki, bir növ bünövrəsidir. Nə qədər oynasalar, nə qədər inkişaf eləsələr, nə qədər yaxşı futbolçu yetişsə, o qədər də "Kəpəz"imiz inkişaf edəcəkdir”.
Konstantin Abramenko kimi məşqçilərin daim xatırlanması, Gəncə futboluna verdiyi töfələrinin unudulmaması, onun irsinin qorunub saxlanılması vacib məqamlardandır. Digər önəmli məqam Gəncənin uşaq futbolunun əvvəlki nüfuzunun bərpa edilməsidir.
Azad Mustafayev
- Baxış: 318