Deyirlər, aktyorun iki ömrü olur. Bir özünün yaşadığı, bir də tamaşaçıların gördüyü. Ötən gün Respublikanın əməkdar artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru Faiq Qasımov öz ömrünü başa vurdu. Bu gün mərhum sənətkar həyatını həsr etdiyi teatrın səhnəsindən tamaçı alqışları ilə son mənzilə yola salınıb.
Faiq Qasımov xeyli sayda obraza can vermiş, çoxlu tamaşaçı alqışı qazanmışdı... və bu gün o yenidən bu səhnədədir. Bu dəfə "Ömür" adlı tamaşanın pərdələrini endirmək üçün...
Tamaşaçılar da sevimli aktyora sadiqdirlər. Bu dəfə də onun yanındadırlar. Lakin, indi Faiq Qasımov adəti üzrə onları güldürmür. Hər birinin qəlbində qəm, gözündə yaş var... Əməkdar artist həm onlarla, həm də ömrünün 52 ilini keçirdiyi teatr və səhnə ilə vidalaşır... Bu gün deyilən bütün sözlər onun şəninə, səslənən alqışlar onun şərəfinədir. O, bu gün baş roldadır....
Telman Əliyev- əməkdar artist: ”Bax, bu yaradıcılığa həsr olunan sənət eşqi, sənət amalı bu gün Faiqdə söndü. Lakin bu sönmək, o sönməkdən deyil. O, qəlblərdə yaşayacaq. Onun böyük obrazları, onun bir-birindən fərqli olan xarakterləri qalır. O xarakterlər ki, tamaşaçılar onlar üçün hələ çox darıxacaq”.
Faiq Qasımov indi sakit dayandığı bu səhnədə, bir-birindən fərqli obrazlar yaradıb. Vilyam Şekspirin "Otello" və "III Riçard", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Cəfər Cabbarlının "Almaz" və "Aydın", Sabit Rəhmanın "Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Altay Məmmədovun "Ulduzlar görüşəndə" və "Kişilər" kimi tamaşalar, onun rol aldığı səhnə əsərlərinin kiçik bir qismidir. Sonuncu dəfə isə o, Şəfayət Mehdiyevin "Sabir" pyesi əsasında hazırlanan eyni adlı tamaşada aktyorluq bacarığını nümayiş etdirib.
Ramiz Vəliyev- əməkdar artist: “Faiq müəllim deyə-gülə bu dünyadan köçdü. Gecə yatdı, səhər ayılmadı. Mən deyərdim ki, Azərbaycan teatr sənətində bir sütun qırıldı. Azərbaycan Teatrının bir sütunu dünyasını dəyişdi”.
Xudayar Əsgərov- əməkdar artist: “Faiq müəllim gözəl aktyor olmaqla yanaşı, gözəl rejissor idi. Gözəl insan idi. Əsas odur ki, bu ikisi vəhdət tapa. Bu, hər insana nəsib olmur. Ancaq bu gün son mənzilə yola saldığımız sənət yoldaşımız, Respublikanın əməkdar artisti Faiq müəllim, məhz bu xüsusiyyətə malik bir insan idi”.
Faiq Qasımov Gəncə Dövlət Dram Teatrının səhnəsində bir-birindən maraqlı pyeslərə də quruluş verib. O, gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da böyük həvəslə çalışıb, onların iştirakı ilə müxtəlif tamaşalar ərsəyə gətirib. Bir neçə ay idi əməkdar artist İsi Məlikzadənin "Gəl qohum olaq" əsərinə sənhə quruluşu verirdi.
Elnur Məmmədov- aktyor: “Faiq müəllim istədiyini bizə verdi, yəni tamaşanı istədiyi kimi hazırladı. Bizə dedi ki, elə budur. Tamaşa ya bu gün, ya sabah təhvil verilməli idi”.
İndi bu tamaşa oynanılacaq, amma quruluşçu rejissor olmadan, onun xatirəsinə ithafən... Gəncə Dövlət Dram teatrında özünəməxsus bir sənət məktəbi yaradan Faiq Qasımov Teatr Xadimləri İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı idi. Ömrünün 68-ci ilində bu dünya ilə vidalaşan sənətkar, tamaşaçıların alqış sədaları altında son mənzilə yol salındı.
Gülnar Fazilqızı
- Baxış: 2020