• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 02.07.2024 19:02

Göygöl idmançıları beynəlxalq yarışda fərqləniblər

KepezTV Player

Göygöl idmançıları Bolqarıstanın Kranevo şəhərində keçirilən savat döyüşü üzrə Avropa çempionatı və Avropa kubokunda fərqləniblər. Avropa kubokunda fəxri kürsüdə yer alan İbrahim İbrahimli həm də yarışda xüsusi mükafata layiq görülüb.

Göygölün yetirməsi olan İbrahim İbrahimli Avropa kubokunda kadetlər arasında ölkəmizi təmsil edib. Yeniyetmə döyüşçü millimizin tərkibində 35 kq çəkidə rinqə çıxıb. İlk dəfə qatıldığı yarışda İbrahimli finalda büdrəyərək gümüş mükafatçı olub.

İbrahim İbrahimli- Avropa kubokunun gümüş mükafatçısı: “Yarışdan bir ay əvvəl hazırlaşırdım. Çox yaxşı məşqlər etdim. Yarışda iki rəqibim varıydı. Orada Serbiya və Belçikadan rəqiblərim varıydı. Serbə qalib gəldim, Belçika idmançısına isə finalda məğlub oldum və ikinci yerə layiq görüldüm. Buna görə pis olmuram. Çünki gələcək yarışlarda ikinci yeri birinci edəcəyimə güvənirəm”.

İkinci olsa da İbrahim İbrahimli Avropa kubokunda bacarığına görə fərqləndirilib. O, həm Avropa çempionatının, həm də kubokun ən texnikalı döyüşçüsü mükafatına layiq görülüb.

İbrahim İbrahimli- Avropa kubokunun gümüş mükafatçısı: “Avropa kubokunda özümdən irigövdəli rəqibim qarşısında müəyyən texnika nümayiş etdirdiyim üçün diqqət cəlb etdim və 11 ölkə arasından ən yaxşı və ən texnikalı döyüşçü seçildim, kubokla mükafatlandırıldım. Bu uğurumu davam etdirib, gələcəkdə daha böyük uğurlar qazanmaq istəyirəm”.

Fəxri kürsüdə yer alan digər idmançı isə 48 kq çəkidə çıxış edən Məhəmməd Məmmədli olub. Gənclər arasında Avropa çempionatında iştirak edən döyüşçü yarışın qalibi olub. Hər iki idmançının şəxsi məşqçisi olan Fəxri Cəfərov yetirmələrinin uğuruna sevinir. Lakin onların gələcək yarışlarda daha böyük nailiyyət qazanmaları üçün çalışmaların davam etdiyini bildirir. 

Fəxri Cəfərov- məşqçi: “İbrahimli İbrahim baxmayaraq ki, Avropa kubokunun ikincisi olub, gözəl çıxış göstərməsi və 11 ölkə içərisində Avropa çempionatının, həm də kubokun ən texnikalı döyüşçüsü seçilməsi bizə böyük sevinc verdi. Bizim bir idmançımız da Məhəmməd Məmmədli də milli komandanın tərkibində təlim-məşq toplanışındadır. O, Avropa çempionu oldu. Bu da çox sevindirici uğurdur. Mən idmançılarıma güvənirəm və inanıram ki, onlar daha da böyük uğurlar əldə edəcəklər”.

Göygöl idmançıları əldə etdikləri uğur nəticəsində qarşıdakı yarışlarda iştirak hüququ qazanıblar. İbrahim İbrahimli dünya kubokunda, Məhəmməd Məmmədli isə dünya çempionatında yığma komandamızın adından döyüşəcək.

Orxan Cəfərzadə