Gəncənin Şəhidlər Xiyabanında yerləşən 47 naməlum şəhid məzarından 22-sinin kimliyi müəyyən olunub. Onlardan biri də 31 il əvvəl naməlum şəhid kimi dəfn edilən Məmmədov Hafiz Qədim oğludur. Şəhid zabitin abadlaşdırılan məzarı bu gün ailəsinə təhvil verilib. Bununla bağlı Gəncənin Şəhidlər Xiyabanında baş tutan tədbir izdihamla müşayiət olunub. Mərasimdə şəhidin yaxınları, şəhid ailələri, qazilər, Gəncə və Kəlbəcər ictimaiyyətinin nümayəndələri iştirak edib. 1971-ci ildə Kəlbəcər rayonunda anadan olan Hafiz Məmmədov İnşaat Mühəndisləri Universitetinin 5-ci kursunda təhsilini yarımçıq saxlayaraq, 1992-ci ilin noyabrında hərbi təhsil almaq üçün Türkiyəyə gedib, leytenant rütbəsi aldıqdan sonra cəbhəyə yollanıb. 1993-cü il aprelin 4-dən 5-nə keçən gecə Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun Gəncədəki Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
Fərid Mehdiyev
- Baxış: 331