• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 01.06.2024 19:29

Diplomsuz məzunlar

KepezTV Player

Azərbaycanda hər il təxminən 10 minə yaxın tələbə ali təhsil müəssisələrindən məzun ola bilmir. Tələbənin istədiyi ixtisasa daxil olmaması və ya valideyn israrı bu problemə səbəb olan amillərdəndir. Amma səbəblər bununla tükənmir.

İzmir Əliyev- tələbə: “Mən universiteti təzə bitirmişəm, amma bəzi səbəblərə görə diplomu götürməkdə çətinliklərim olub. Çünki valideyn təzyiqi olub. Valideynlər istədikləri təhsili, peşəni seçmələrinə icazə vermirlər. Bu səbəbdən də uşaqların çoxusu öz ixtisaslarına gedə bilmirlər. İstəmədiyim ixtisas olduğuna görə, dərslərimi zəif oxudum. Nəticədə bəzi kəsirlərim olduğuna görə diplom işim çox gecikdi. Ona görə də oxumağa çox həvəssiz olmuşam”.

İzmir Əliyev kimi bir çox tələbə ali təhsli müəssisələrində istəmədiyi və ya həvəsi olmadığı ixtisasa daxil olduğu üçün diplom almaqda çətinlik çəkir. Respublikada son dövrlərin statistikasına nəzər saldıqda, diplom almaqda çətinlik çəkən tələbələrin sayının kifayət qədər olduğunu görmək olar.

Nidah Qurbanzadə- tələbə: “Tələbələr bəzi hallarda universitetlərə istəksiz hazırlaşırlar. O da bəzi hallarda fəsadlara gətirib çıxarır. Çünki onlar istəksiz hazırlaşdığı təqdirdə universitetdə də zəif oxuyurlar, zəif oxuduqları təqdirdə də artıq diplom almaqda da problemlər yaşanır”.

Əli Əliyev- tələbə: “Mən ekologiya mühəndisliyində təhsil alıram. Lakin universitetə girməmişdən öncə istədiyim ixtisas maşın mühəndisliyi olub. Şübhəsiz ki, indiki ixtisasımda da oxuyuram. Amma düşünürəm ki, maşın mühəndisliyi ixtisasında oxusam, daha yüksək nəticə verə bilərdim. Həm istədiyi ixtisas üzrə oxuya bilmirlər, ola bilsin həm də balları çatmır, ya da valideynləri buna qarışır. Nəticədə diplom almaqda problem çəkirlər. Şübhəsiz ki, mənim özüm də diplom almaqda bir çətinlik görmürəm”.

Toğrul Qəhrəmanlı- tələbə: “Ümumi olaraq tələbələrdə diplom problemi ona görə yaranır ki, tələbələr oxuduqları illər ərzində həm öz istədikləri ixtisası seçmədikləri üçün müəyyən qədər orta məktəb dövrlərində, hzırlıq dönəmlərində oxuduqları üçün müəyyən qədər az bal yığırlar. Bunun nəticəsində tələbələrdə həvəssizlik yaranır, bu da diplom almaqda problemlər yaradır”.

Əli Məmmədov- tələbə: “Dövrümüzdə çox təəssüflər olsun ki, peşələrə çox laqeyd yanaşırlar. Yəni daha aşağı səviyyə kimi baxırlar. Sırf ali təhsil olsun, universitetdə təhsil alsın. Ancaq bu, yanlış fikirdir. Belə olan halda da müəyyən problemlər çıxır ki, bunlardan biri də məhz təhsilalma dövründə tələbələrin qarşılaşdığı problemdir ki, bunun da nəticələri olaraq diplom almaqda problem çəkirlər. Daha sonra diplom alsalar belə həmin ixtisasda işləmək və s.”

Akademik borclarını bağlaya bilməyən tələbələrin əksəriyyəti ali məktəbə aşağı balla qəbul olanlardır. Həmçinin onlar arasında oxuduğu ixtisasa marağı olmayanlar və fərqli dillərdə təhsil alanlar da var. Ekspertlərin sözlərinə görə aşağı balla ali təhsil müəssisəsinə qəbul məqsədəuyğun deyil.

Kamran Əsədov- təhsil eksperti: “Orta statistik göstəricilər onu göstərir ki, ali təhsil müəssisələrinə qəbul olanlardan 10 minə qədəri məzun ola bilmir. Təbii ki, birinci səbəb, onların qəbul olduquları ixtisaslar onların gələcək əmək bazarının tələblərinə uyğun mütəxəssis olma maraqlarının aşağı səviyyədə olmaları ilə bağlıdır. İkinci ən vacib məqam, yüksək ballarla ali təhsil müəssisələrinə qəbul olanlardan fərqli olaraq aşağı ballarla ixtisas seçimi edənlərdir. Onlar mütləq şəkildə o ixtisası seçməlidirlər ki, gələcəkdə o ixtisas üzrə məzun ola bilsinlər. Digər tərəfdən biz tövsiyə edirik ki, 150-180 balla ali təhsil müəssisələrinin bakalavr səviyyəsində gələcəkdə oxuya bilməyəcəkləri, məzun ola bilməyəcəkləri ixtisaslara qəbul olmaqdansa, peşə təhsili müəssisələrinə getsələr daha rahatlıqla bu pillədə təhsillərini başa vura bilərlər və diplom alaraq əmək bazarına daxil ola bilərlər”.

Ekspert onu da qeyd etdi ki, bu problemlə daha çox qadın tələbələr üzləşir. Onlardan bir çoxu daha çox kişilər tərəfindən seçilən ixtisaslara yiyələndikləri üçün daha sonra təhsillərini yarıda qoyurlar.

Pərvin Abbaszadə