• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 24.05.2024 19:24

Gəncədə naməlum şəhid kimi dəfn edilmiş şəxslərin qalıqları doğma rayonlarında torpağa tapşırılıb

KepezTV Player

Belə bir deyim var - ağlamağa zəfər imkan vermir, gülməyə qəhər. Biz artıq 4 ildir ki, Qarabağla bağlı tarixi zəfərimizə doya-doya sevinib, gülürük. Amma içimizdə bir qəhər də var. Bunun da səbəbi 32 ildir itkin düşən soydaşlarımızdır. Hansı ki, bu 32 ildə yaxınları onları çox axtarırdı, hətta tapılmasa belə ürəklərində bir ümid yaranırdı. “Bəlkə sağdır”, “bəlkə əsir düşüb”, “nə vaxtsa qayıdar”, deyə. Çünki hər zaman Qarabağımıza, tarixən bizə məxsus olan torpaqlarımıza qayıdacağımızı bilirdik. Amma vandal ermənilər 100-lərlə soydaşımıza heç bir aman vermədən onları kütləvi şəkildə öldürərək, mənsub olduqları dinin tələblərinə uyğun dəfn olunmadan elə kütləvi şəkildə də quyulara töküb, basdırıblar. İndi aşkar edilərək dəfn olunan tək şəhid qalıqları deyil, həm də 32 illik ümidlərdir. Təsəli isə ağlamağa bir məzarın olmasıdır. Millət olaraq ən böyük təsəllimiz odur ki, bütün şəhidlərin narahat ruhları şaddır, çünki uğrunda qurban getdikləri Vətən azaddır, bütövdür və qüdrətlidir. Vətənimiz var olsun! 

Gəncədə naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Göyçay rayonunun Müskürlü kəndində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimindən sonra o, doğulub, boya-başa çatdığı kəndində torpağa tapşırılıb.

Şəhid Səbuhi Soltanovun meyitinin qalıqları Göyçay rayon Şəhidlər xiyabanında, Nuhu Mustafayevin qalıqları Ağsu Şəhidlər xiyabanında, Vurğun Seyidovun qalıqları isə rayonun Kalva kəndinda dəfn olunub.

Vüsalə Cənnətova