• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 05.04.2024 19:47

Ucaldığı zirvə ilə adını qəlblərə yazdıran döyüşçü

24 saatlıq antiterror tədbirləri Azərbaycanın tam və qəti qələbəsini təmin etdi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Əlbəttə, bu tarixin memarı olan oğullarımız var. Bəzilərinin sağlamlığı, digərlərinin canları bahasına başa gələn qələbənin səbəbkarları... Onlardan biri Samux rayonu, Qovlarsarı kəndinin sakini Fizuli Məmmədovdur. 1989-cu ildə anadan olan zabit Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olduqdan sonra hərbi qulluqçu kimi ordu sıralarına qatılıb. Vətən müharibəsinin, Sentyabr döyüşlərinin və antiterror tədbirlərinin iştirakçısı olub.

Günelxanım Məmmədova- şəhidin həyat yoldaşı: “Fizuli 2016-cı ildə hərbiyə gedəndə, heç razı olmamışdım onun hərbiyə getməsinə. Amma o, özünün istəyi ilə qayıtdı. Fizuli 44 günlük müharibədən gələndən sonra, Laçın döyüşlərində artıq ora zabit kimi getdi. Sentyabrda yaralanandan sonra valideynləri də, mən də, hərkəs dedi ki, artıq çıx, yaralısan. Ondan sonra Fizuli gəldi, ömürlüyə qol çəkdi. Dedi, mənim yolum ancaq vətənin keşiyində durmaqdır, vətənimi qorumaqdır, onu düşmənlərdən azad etməkdir. O yolu da seçdi və axıra kimi davam etdi”.

Fizuli Məmmədov seçdiyi Vətən yolunu şərəfli hesab edərək onun keçikçisi olmaqla fəxr edirdi. Necə ki, ailəsi, qohumları və tanışları fərqliliyi ilə sayılıb-seçilən, dəyərli olan Fizuli ilə qürur duyurdu. 

Günelxanım Məmmədova- şəhidin həyat yoldaşı: “Fizuli mənim uşaqlıqdan birlikdə böyüdüyüm insandır. Əsl ata sözünü, əsl həyat yoldaşı, əsl oğul sözünü Fizulinin gözlərindən oxudum, 10 ildə. Çox yaxşı dost idi Fizuli, hamıya”.

Orxan Baxşıyev- şəhidin dostu: “Əsgər yoldaşlarının yaralandığı və çətin bir vəziyyətdə qaldığı anda Fizulinin ora yetişərək bir neçə əsgərlərinin, hətta bəzi komandirlərinin dəstəyinə qaçaraq onları oradan çıxarmasında böyük bir rolu olmuşdur ki, bu gün həmin insanlar həyatdadır. Və ona təşəkkür edirlər. Fizuli haqqında çox danışmaq olar, həddindən artıq çox. Amma o elə bir qəhrəmandır ki, danışdıqca bitməz”.

2023-cü ilin 19 sentyabrında ailənin Fizuli il son danışığı olur. “Dualarınızı əsirgəməyin, hər şey yaxşı olacaq” deyən leytenant qızları üçün olan son arzusunu da həyat yoldaşına çatdırır.

Günelxanım Məmmədova- şəhidin həyat yoldaşı: “Biz Fizulinin işi ilə əlaqədar Qusar şəhərində yaşayırdıq. Orada qızlarımın məktəbində o xəbəri aldım. Onun bir arzusu övladlarının xarici dildə təsil alması idi. Ən böyük arzusudur ki, Fizulinin o arzusunu yerinə yetirim. Bundan ötəri də əlimdən nə gəlirsə edəcəm”.

Fizuli Məmmədov döyüşlərdə ürəyindən yaralanaraq şəhidlik zirvəsinə ucalır. Leytenant, “Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı", "Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Aişə Rzayeva