• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 29.03.2024 20:40

Məşqçilər üçün ilk voleybol seminarı

KepezTV Player

Azərbaycan Voleybol Federasiyası ölkəmizdə bu idman növünün inkişafı üçün əməli addımlar atır. Voleybolun hərtərəfli tərəqqisinə diqqət yetirən federasiya məşqçilərin daha da formalaşması üçün yeni bir layihəyə başlayıb və bu istiqamətdə ilk dəfə Gəncədə seminar təşkil edilib.

İdman qurumu “Aşağı yaş qrupu məşqçilərinin inkişaf”ı adlı seminarda çalışdırıcıları Nizami yurduna toplayıb. Uşaq yaş qrupları üzrə məşqçilərin iştirak etdiyi təlimlərə federasiyanın təyin etdiyi mütəxəssislər Cengiz Akarçeşme və Şahin Çatma rəhbərlik edib. 2 gün davam edən seminarda həm nəzəri, həm də praktik dərslərdə məşqçi-müəllimlərin təcrübəsi artırılıb.

Cengiz Akarçeşme- təlimçi: “Uşaqların fiziki hazırlığı istiqamatində nə etməlidirlər, hansı vaxtlar həssas inkişafları var və yeni başlayan texnikanı necə öyrənməli, necə mərhələli şəkildə asandan çətinə öyrənə bilərlər, həmçinin oyun sistemləri haqda danışacağıq. Burada məqsədimiz xüsusilə yeni fəaliyyətə başlayan məşqçiləri təhsilləndirməkdir və daha keyfiyyətli idmançı seçmələri, onları daha yaxşı öyrətmələrini təmin etmək üçün federsiya bir işə başlayıb. Hazırda onunla əlaqəli çalışırıq”.

Voleybol seminarına 40-a yaxın uşaq məşqçisi qatılıb. Onlar Bakı, eyni zamanda bölgələrdə fəaliyyət göstərən regional voleybol klublarını təmsil ediblər.

Əflatun Məmmədov- seminar iştirakçısı: “Seminara Goranboy rayonundan qatılmışam. Bu, bizim üçün çox önəmlidir. Mütəxəssislər bütün yenilikləri bizə öyrədirlər, biz də çalışıb öz yetirmələrimizə tətbiq edəcəyik. İnşallah, ölkəmizdə voleybolun inkişafı daha da yüksələcək”.

Aişən Məmmədova- seminar iştirakçısı: “Sevindirici haldır ki, Gəncədə ilk dəfə belə bir seminar təşkil olunub. İstəyərdik ki, bu seminarlar davamlı olsun”.

Mətanət Lətifova- seminar iştirakçısı: “İndiyə kimi Gəncədə belə seminar keçirilməmişdi. Hər zaman bu cür seminarlar Bakıda keçirilirdi və biz də qatılmaq üçün Bakıya gedirdik. Amma burada olması regionlardan məşqçilərin qatılması, yeni təcrübələrin əldə edilməsi həqiqətən də bizim üçün də çox xoş oldu”.

Məhərrəm Abışov- seminar iştirakçısı: “Voleybol üzrə müasir texnika tətbiq etmək üçün seminar keçirilir. Seminardan maksimum razıyıq. Ona görə ki, seminar ən müasir məşq stilində bizə anlamlar verir”.

Seminarda iştirak edən hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuran məşqçilər Azərbaycan Voleybol Federasiyasının keçirəcəyi Level kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.

Orxan Cəfərzadə