Milli musiqi alətləri xalqımızın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izlərini daşıyır. Elə belə musiqi alətlərimizdən də biri kamançadır.
Kamança milli musiqi alətlərimiz içində milli adət kimi əvəzolunmaz irsə malikdir. İşinin peşəkarları və gənclərimizin sayəsində nəsildən-nəsilə ötrülərək bu günümüzə qədər gəlib çıxıb. Həmin gənclərdən biri olan kamança ifaçısı Əhəd bəy bu alətlə tanışlığından danışacaq.
Əhəd İsmayılov- kamança ifaçısı: “Mən musiqiçi ailəsində doğulmuşam, böyümüşəm. Əmimoğlu məndən 4 yaş böyükdür, o musiqi təhsili almağa başlayandan sonra evdəkilər artıq məni də bu sahəyə yönləndirmək istədilər. Əvəllər qarmondan bir neçə melodiya çala bilirdim. Daha sonra müəllimlərin təkidi ilə kamançanın mənim üçün daha yaxşı olacağını söylədilər. Mən də özümü sınadım və alındı”.
İnsanların xarakteri müxtəlif olduğu kimi, hər musiqi alətinin də özünəməxsus ifa və davranış tərzi var. Düzdür, bu bəzən çətin olsa da, bu, onları bir-birilərindən fərqləndirən özəlliklərdir.
Əhəd İsmayılov- kamança ifaçısı: “Kamança çox geniş imkanlara malik bir alətdir. Kamançanı mənə sevdirən kamanla çalınan bir alət olduğuna görə ifa etdiyim hər musiqidə, xüsusilə də muğamda insan rahat şəkildə öz ürəyini qoya bilir. Çətin tərəflərindən danışsaq, pərdələri yoxdur, alət hər havada bir səs verir. Pozisiyada bəzən çətin olur”.
Dinlədikcə hiss edirsən ki, sanki keçmişlə gələcək, tarixlə müasirlik onun dilində qovuşur. Beləcə, əsrlərdir ki, bu musiqi aləti hisslərin tərcümanına çevrilib. Kamança sevinci, kədəri, arzuları, ümidləri musiqi dilində anladır.
Lalə Bağırova
- Baxış: 127