Əslən Qərbi Azərbaycandan olan Məmmədəli Balayev Azərbaycan Mədəniyyəti, xüsusi ilə Gəncə Dövlət Dram Teatrı tarixində xüsusi dəst-xətti ilə seçilir. Böyük yaradıcılıq yolu keçən sənətkarın teatra gəlişi 1955-ci ildə Daşkəsəndə dərnəkdən başlayıb. Daha sonra rayon xalq teatrında çalışıb. 1962-ci ildən isə yolu bu günə kimi çalışdığı Gəncə Dövlət Dram Teatrı ilə kəsişib. 85 illik həyatının 60 ildən çoxu 100-ə yaxın tamaşada müxtəlif rollar yaratmaqla keçib.
Məmmədəli Balayev- Xalq artisti: “Bu teatrla mən həyatımı bağladım. 72 ildən çoxdur ki, gənc vaxtımdan mən Azərbaycan mədəniyyəti ilə, incəsənəti ilə məşğulam. İndiyə kimi də bu tearda çox böyük rollar oynamışam. “Vaqif” oynamışam, “Şeyx Nizami” oynamışam. Hər dəfə də “Şeyx Nizami”ni oynayanda özüm-özümə fərəh gətirmişəm. Fərəhlənmişəm ki, belə bir şəxsiyyətin obrazını yaradıram”.
Dünyanın bir çox ölkələrində teatrla qastrol səfərlərinə çıxan Məmmədəli Balayev indi də bu sənət ocağından ayrı deyil. Çiyin-çiyinə çalışdığı aktyorlarla birgə tamaşalarda yer aldığı rollar üzərində çalışır. Teatrı ikinci evi adlandıran xalq artistinin tərəf müqabilləri də onu səhnədən kənarda təsəvvür etmirlər.
Akif Səfərov- aktyor: “Məmmədəli Balayevlə 1973-cü ildən bu teatrda bir yerdə işləmişik. Hazırda da bir yerdəyik. Onun böyük tamaşaları, onunla tərəf müqabili olmuşam. O insanla oynayanda, özümüzü daha sərbəst hiss etmişik. Heç vaxt səhnədə bizi sıxışdırmayıb. Bizlə oyun tərzi çox maraqlı olubdur. Bizim də teatrda inkişafımızda Məmmədəli Balayevin rolu çox böyükdür”.
Anar Ərtoğrul Bürcəliyev- teatrşünas: “Məmmədəli Balayev hər bir obrazının sürətini məhz həyatdan götürməyi sevirdi. Həyat vəziyyətləri ilə eyniləşdirməyi sevirdi. Bu baxımdan da Məmmədəli Balayevin səhnədə təqdim etdiyi obrazlar canlı və həyat sevgisi dolu olan bir obrazlar olurdu. O baxımdan səhnədə hər zaman baxılan aktyor olaraq Məmmədəli Balayev obrazlarını təqdim etməyi bacarırdı”.
Sənətkar deyir ki, səhnədən ayrılmaq fikri yoxdur. Səhhəti və yaradıcılıq eşqi bu yaşda da onu teatra bağlayır.
Məmmədəli Balayevi hələ uzun müddət teatr səhnəsində görmək arzusu ilə...
Elnur Vahidoğlu
- Baxış: 162