• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 06.01.2024 20:01

Əmlak bazarında qiymət artımı müşahidə olunur

KepezTV Player

Ümumiyyətlə, son illər Azərbaycanda bahalaşmanın müşahidə olunduğu sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Rieltorların sözlərinə görə, 2024-ün ilk həftəsindən həm bina, həm də həyət evlərinin qiymətində artım müşahidə olunur. Son vaxtlar Gəncədə torpaq bazarında qiymətlərin bahalaşması, mülk sahibi olmaq istəyənləri daha çox yaxın rayonlara üz tutmağa məcbur edir.

Nazim Əliyev- rieltor: “2023-də qiymətlər o qədər də böyük deyildi. Son 5-6 gündə, 2024-cü ildə 3 otaqlı mənzillər 400 manat idisə, indi olub 500 manat. 50000-lik evlər olub 60000, 65000. Alıcı qüvvəsi var, amma ayaqlaşa bilmirlər deyə, axtarışdadırlar”.

Ceyhun Muğalov- rieltor: “Əmlak bazarında əlbəttə ki, bina evlərində artım müşahidə olunur. 2023-cü ilə baxdıqda, hardasa arada 7, 8 min fərq edir. Əvvəl misal üçün, 1 otaqlı evi alırdın 26000, 25000-ə, indi ən ucuz tapsan 35000, 36000-ə tapılır. Ev alan var, amma narazıçılıqdır. Yəni qiymət baxımından hamı narazıdır ki, niyə artır”.

Bu il də daşınmaz əmlak bazarında qiymətlərin regiondakı siyasi-iqtisadi vəziyyətdən asılı olacağını bildirən əmlak üzrə ekspert Məsim Abadov qiymətlərdə 10%-ə qədər artım ola biləcəyinə diqqət çəkib.

Məsim Abadov- əmlak məsələləri üzrə ekspert: “Daşınmaz əmlakın qiymətlərində artım tendensiyası ötən ilin sonlarından başladı. Buna görə də ötən illərin sonlarından müəyyən qədər artım baş vermişdir. Həm alqı-satqı qiymətlərində, həm də kirayə qiymətlərində və bunun da üzərinə gəlsək ki, artıq ötən ilin sonlarından tikinti materiallarının qiymətlərində artım var, artıq 2024-cü ilin əvvəlindən daşınmaz əmlakların qiymətlərində müəyyən qədər artım hiss olunur və bu tendensiyanın marta, aprelə qədər getdikcə artması ehtimal olunur”.

Daşınmaz əmlak bazarındakı bahalaşma, həmin torpaqların üzərində inşa edilən binaların qiymətlərinə də təsirsiz ötüşmür. Odur ki, mənzil almaq istəyənlər, bu günün işini sabaha saxlamasın.

Pərvin Abbaszadə