• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 17.11.2023 20:11

"Sarı-göylər" ilk ev oyununa çıxacaq

KepezTV Player

Son Azərbaycan Kubokunun qalibi, çempionatın gümüş mükafatçısı olan Nizami yurdunun təmsilçisi bu il zəif çıxışı ilə azarkeşləri məyus edir. Heyəti tamamilə yenilənən komandanın baş məşqçisi, türkiyəli mütəxəssis Bedri Meriç uğursuzluğun səbəbini hələ komandanın tam formalaşmamasında görürür.

Bedri Meric- baş məşqçi: “Bu səbəbdən hələ də uyğyunlaşma dönəmindəyik. Son iki matç bizim üçün yaxşı təcrübə oldu. Səhvlərimizi görə bildik. Xüsusən müdafiədəki səhvlərimizi aşkarladıq. Onları düzəldib, şənbə günü oynayacağımız matçda, inşallah gözəl bir qalibiyyət yaşayacağımızı düşünürük”.

Oyunçular da məğlubiyyət səbəbini hələ bir-birlərinin oyununa tam uyğunlaşmamaqda görürlər. Xırdalanla oyuna məsuliyyətli yanaşdıqlarını və daha hazırlıqlı olacaqlarını bildirirlər.

Tariyel Yusifzadə- basketbolçu: “Oyuna hazırlaşırıq. İnşallah, qələbə qazanacağıq. Əvvəl düzdür, bir-birmizi yaxşı tanımırdıq. Ama indi hər şey yaxşıdır. Hər bir oyun bizim üçün çox vacibdir. Oyunları uduzduq. Amma eyibi yox. Qabağa baxmalıyıq. Səhvlərimiz unutmamalıyıq. Hansı səhvlərə yol verdiyimizi bilməliyik və bu səhvlərdən öyrənməliyik”.

Culs Mur- basketbolçu: “Mövsümün əvvəlindəyik. Bizim üçün mübarizə yeni başlayıb. Ümid edirik, ilk ev oyunumuzda qələbə qazanacağıq. Səhvlərimizi məşqlərdə düzəltmək üçün səylə çalışırıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Hər gün daha da güclənirik, hazırlaşırıq. Dünəni unutmalıyıq və gələcək oyunlar haqda düşünməliyik”.

Belə vəziyyətdə klubun azarkeş dəstəyinə daha çox ehtiyacı artır. Bu səbəbdən "Gəncə"nin köməkçi məşqçisi Rizvan Səfərov ilk ev oyununda gəncəliləri öz komandalarına dəstək olmağa çağırıb.

Rizvan Səfərov- köməkçi məşqçi: “Keçənilki sezondakı qələbələrimizdə pay sahibi olan azarkeşlərimiz olub. Bu il də onları bizim zala gəlib, bizi dəstəkləməyə çağırırıq. Bayaq vurğuladığım kimi onların da qələbəmidə pay sahibi olmamalarını istərdik. Gəncənin hər bir basketbolsevərini dəvət edirik, gəlsinlər, komandamızı dəstəkləsinlər. Biz də onların dəstəyindən qürurlanaq və qələbə seriyasına start verək”.

Geridə qalan 3 turun nəticəsinə əsasən Gəncə turnir cədvəlinin sonuncu pilləsindədir. Odur ki, qarşıdakı görüşdə komandanın qələbəyə hava-su kimi ehtiyacı var. Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək "Gəncə" - "Xırdalan" oyunu saat 14:00-da başlayacaq.

Ramin Paşayev