• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 03.10.2023 12:12

Yüksək əhval-ruhiyyədə olmaq üçün nələrə diqqət etməliyik?

Bu gün hər kəsi maraqlandıran bir sual var: “Necə xoşbəxt ola bilərəm? Daha xoşbəxt və daha məmun bir həyat yaşamaq əlçatandırmı?” Təbii ki, hər kəsin xoşbəxtlik versiyası bir az fərqlidir və buna nail olmağın da yolları fərqlidir.

Qəlbimizdəki sevgi və mərhəmət hissini insanlara ötürdükcə, insanlarla xoş və səmimi ünsiyyətdə olduqca biz də xoşbəxt və qayğısız oluruq.

Bu gün əgər ailəmiz, dəyər verdiklərimiz və bizə dəyər verən insanlar ətrafımızda varsa, hədəflərimizə çatmaq üçün gücümüz və dəstəyimiz varsa, deməli xoşbəxtik.

Həsən Fəttah - kitabsevər, aktyor: “Bir kitabı oxuyarkən aldığın aura, özün üçün yaratdığın şərait, olduğun mənzərə, içdiyin çay, qəhvə olsun,onun sənə verdiyi həzzi, xoşbəxtliyi heç nədən ala bilməzsən”.

Mehriban Həsənova - musiqi müəllimi: “Musiqi ruhumuzun qidasıdır. Bu hikmət həyatımızın reallığıdır. Dünyəvi hadisələr, müharibələr, nə qədər insanların gərgin anları var, bunların hamısının əlacı musiqidir. Məsləhət görürəm ki, gözəl musiqilərə qulaq assınlar”.

Hər kəsin davranışında,ətrafında və münasibətində kiçik dəyişiliklər etmək gücü var ki, bu da daha xoşbəxt bir həyat yaşamasına zəmin yaradır.

Əjdər Alıyev - idman müəllimi: “İdmanı seçim etməkdə məqsədim budur ki, həqiqətən idman xoşbəxtlik verir. Gənclərə də tövsiyə edirəm ki, idmanla mütəmadi məşğul olsunlar. Yaşın hər bir vaxtında idmanla məşğul olmaq heç bir halda pis nəticə verməz. Əsasən uşaq və gənc yaşlarından təhsillə yanaşı idmanla məşğul olsunlar, çünki bu, insanın xoşbəxtlik sindromunu artırır”.

Firəngiz Allahverdiyeva - rəsm müəllimi: “Əhval-ruhiyyəmiz bizdən asılı olmayaraq bəzən yaxşı, bəzən də pis olur. Bu da gündəlik məişət problemləri ilə bağlı olur. Biz bunları özümüzdən asılı olmayaraq düzəltməyə çalışırıq. Rəsmləri yaxşı çəkməyə çalışırıq. İşlərimizin tünd yaxud da açıq rənglərdə olması bizim psixi durumumuzdan asılıdır. İnsan nə qədər pis ab-havada olsa heç vaxt yaxşı nəticə əldə etmir, gözəl rənglərdən istifadə edə bilmir. Bu, tək rəssamlığa aid deyil, başqa sahələrə də aiddir”.

Leyla Əliyeva - tələbə: “Açıq havada gəzmək əhvalımı inanılmaz yüksəldir. Kefim olmayanda və yaxud da yorğun olanda təbiət qoynunda və bu yaşıl ağacların altında gəzəndə özümü inanılmaz dərəcədə xoşbəxt hesab edirəm”.

Hər səhər günəşi görürüksə deməli həyat davam edir.Həyat davam edirsə deməli arzularımızı həyata keçirməyimiz üçün hələ də şansımız var. 

Xuraman Ağayeva