• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 26.08.2023 19:22

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilir.

Azərbaycan xalqının qədim irsi olan muğam geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” qrammofon valını da daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılıb. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Təvəkkül Hüseynli- Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru: “Bu gün beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meri ənənəvi olaraq hər il keçirilən Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamı bəşəri musiqiyə çevirdiyini bir daha təsdiq edir”.

Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb edə bilib. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.

Cəvahir İsmayılova- Xanəndə: “Muğam sənəti çox incə bir sənətdir. Nə qədər incə olduğu qədər, o qədər də dəryadır. Muğam dəryadır. O dəryadan hərə bir damla götürür. Azərbaycan muğamı Şərq ölkələrində çox geniş yayılmışdır. Yəni Azərbaycan muğamı bu gün dünyada təmsil olunur. Dünya musiqiçiləri bizim muğamımıza yüksək qiymət verirlər”.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq uşaq musiqi festivalları təşkil edilir. Hər belə hadisə, hər belə musiqi festivalı böyük bir bayrama çevrilir. Bu kimi festivallar uşaqların bu sənətə olan marağını daha da artırır.

Vüqar Qurbanov- Tar ifaçısı:  “Bugünkü gündə muğama tələbat çoxdur. Musiqi məktəblərinə də tələbat çoxdur. Qəbul yaxşıdır, uşaqlar gəlir. Ən çox da yaşlı nəsil muğamla maraqlanır, yəni valideynlər tələb edirlər ki, uşaqlar musiqi təhsili alsın”.
Dünya musiqiçilərinin diqqətini cəlb edən ən maraqlı məqamlardan biri də Azərbaycanda keçirilən müxtəlif təyinatlı bütün beynəlxalq əhəmiyyətli musiqi tədbirlərinin hər birində muğam elementlərinin olmasıdır. Bir sözlə, bizim muğamımız bu gün bütün dünyanı fəth etmək, dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtidarındadır.

Fərid Mehdiyev