• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 16.11.2021 18:50

Əsl ovçu təbiəti sevən ovçudur

KepezTV Player

Hobbisi ov etmək olanlar ekrana yaxın əyləşsinlər. Bir çox insanın sevimli məşğuliyyəti olan ovçuluq mövsümü bu il pandemiya səbəbindən geç açılsa da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq edilən norma və qaydalara əməl etməklə ələ silah almaq olar. Əməkdaşımız Valeh Anaroğlu da ovda olub. İzləyək görək ov ovlaya, quş quşlaya bilibmi?

Ov adətinin tarixi az qala insanın yaranış tarixi ilə üst-üstə düşür. Amma fərq ondadır ki, qədim zamanlarda bu, tələbatla bağlı idi, indi isə bir məşğuliyyət növüdür, daha doğrusu, bir hobbiyə, adətə çevrilib. Ov sənətinin dərinlikləri çoxdur və ovla bağlı bizə məlum olmayan olduqca maraqlı nüanslar var.

Ov mövsümünün açıq elan olunması ovçulara istənilən vəhşi heyvan və quşları istənilən sayda ovlamağa imkan vermir. Ov olmayan vaxtlarda isə bu adət səbrli olmağı tələb edir.

Nəinki yırtıcı heyvanların, adi su-bataqlıq quşlarının ovu zamanı da təhlükə ola bilər. Soyuq havalarda, suların buz bağladığı vaxtlarda qayıqla ova çıxanda da təhlükə qaçılmaz olur. Ov zamanı hər şey sən istəyən kimi olmaya bilər. Ona görə də  diqqətli olmaqda fayda var.

Ovçu milliyyətindən asılı olmayaraq istər cəmiyyətə, istər təbiətə, istərsə də özünə qarşı risk obyektidir. Xüsusilə də çətin relyefə malik olan məkanlarda ovçuluq edənlərin diqqət etməli olduğu məqamlar var. Ancaq bunun istirahət tərəfi də var ki, bəzi hallarda risk etməyə dəyir.

Ov etməyə icazəsi olan şəxslər Samux Dövlət Ovçuluq Təsərrüfatının xidməti ərazisində həftənin şənbə və bazar günləri dovşan, bildirçin, alabaxta, göyərçin, qaz, ördək və qaşqaldaq ovu ilə məşğul ola bilərlər. Ov obyekti olan vəhşi heyvan və quş növlərinin ovlanma müddəti nəzərə alınmaqla adambaşına birdəfəlik normanın müəyyən olunması lisenziyaların qiyməti məsələsini də aktuallaşdırır.

Azərbaycan təbiəti zəngin və rəngarəngdir. Bizim insanlarımız da təbiəti çox sevir və ona hörmət edirlər. Əsas məsələ odur ki, ov obyektinin populyasiyasına ziyan vurulmasın. Azərbaycan ovçuları da bu prizmadan yanaşsalar, qısa müddətdə ov mədəniyyətinin inkişafına töhfələr verə bilərlər.\

 

Valeh Anaroğlu