• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 13.06.2024 18:53

İstehlak kreditinin sığortası vətəndaşa nə vəd verir?

KepezTV Player

Azərbaycanda vətəndaşlar bir çox səbəbdən kredit üçün banklara müraciət edirlər və götürülən pulun qaytarılması ilə bağlı öhdəlikli olurlar. Lakin bəzi hallarda gözlənilməz hadisələr bu öhdəliklərin icrasını mümkünsüz edir, borc yükünün vərəsələrə ötürülməsinə səbəb olur. Bu kimi hallarla üzləşməmək üçün Azərbaycanda götürülən kreditə görə sığortanın həyata keçirilməsi vacib sayılır. 

Hazırda ölkədə ipoteka krediti olanlar sığortalanmaqla həyatını itirdiyi, yaxud əlil qaldığı zaman kredit ailə üzvlərinə ötürülmədən ödənilir. Belə olan halda istehlak kreditlərinə də bu sığortanın tətbiqi mümkünlüyü ortaya çıxır. Bu halda tərəflər üçün hansı üstünlüklər yaranır?

Amin İsgəndərov- sakin: “Keçən il banka ipoteka krediti üçün müraciət etmişdim. Hardasa 35 min manat məbləğə müraciət etmişdim. Bankdan krediti götürəndə mənə məsləhət gördülər ki, sığortaya müraciət edim. Yəni sığortalanım. Bunun mahiyyəti ondan ibarətdir ki, əgər bədbəxt bir hadisə olsa, kreditin ödənişini ailə üzvlərim yox, qalan məbləği sığorta şirkəti ödəyə bilər. Bu da mənim üçün çox xoş oldu, əlbəttə ki, razılaşdım və kreditimi sığortaladım. Bir yaxınımız avtoqəza nəticəsində əlil qaldı. İndi isə fiziki olaraq işləyə bilmədiyi üçün krediti ödəyə bilmir. Ailə üzvləri məcbur ödəyir. Ona görə də mən də məsləhət görərəm ki, krediti sığortalayasınız”.

Rəşad Əliyev- sakin: “Təxminən keçən il yaz aylarında kredit götürmüşdüm və mənə təklif etmişdilər ki, kreditinizi sığortalamaq istəyirsinizmi? Mən soyuq yanaşdım. Sözün düzü, mövzu haqqında məlumatım yox idi. Bir neçə aydan sonra mən başa düşdüm ki, krediti sığortalamaq yaxşı bir şeydir. Sabah mənim başıma bədbəxt bir hadisə gəlsə, kreditimi ailə üzvlərim yox, sığortanın özü qarşılayır. Çox heyif olsun ki, mən bunu çox gec öyrəndim”.

Ümumiyyətlə kreditlərdə həyat sığortasının olmasının əsas əhəmiyyəti şəxs vəfat etdiyi halda sığorta şirkətinin bank qarşısında müştərinin borcunu tam olaraq bağlamasıdır. Sığorta müqaviləsinin şərtlərindən asılı olaraq borc tam və ya natamam bağlana bilər.

Xalid Kərimli- kredit mütəxəssisi: “Vətəndaşlar istehlak kreditini götürən zaman sığortalaya bilər. Əslində ölkədə ipoteka kreditinin verilməsi zamanı sığortalama mexanizmi var. Dövlət İpoteka Kredit Zəmanət Fondu vasitəsilə verilən kreditlərdə mütləq şəkildə həm əmlak sığortalanır, həm həyat sığortalanır, əmək qabiliyyətinin itirilməsi sığortalanır. Birincisi, bu, könüllüdür. Yəni siz banklara bunu təqdim edəndə məcburi deyil ki, məhz istehlak kreditinin sığortalanması prosesindən keçəsən”.

Həyat sığortası olduqda, əgər müştəri vəfat edərsə bank üçün öz borcunu təmin etmiş olur. Çünki bankların satdığı məhsul puldur. Pul nə qədər tez qayıdarsa, itki də o qədər tez aradan qalxmış olar. Ona görə də, istehlak kreditlərində bu cür sığorta məhsullarının mövcudluğu bank üçün faydalıdır.

Xalid Kərimli- kredit mütəxəssisi: “İstehlakçılar -vətəndaşlar, kredit faizlərinin yüksək olmasından şikayətlənir. Burada sığortalanma prosesində məhz kreditin verilməsi zamanı komissiya xərclərini artırır. Vətəndaş daha çox vəsait ödəmək məcburiyyətində qalacaq. Onsuz da yüksək olan istehlak krediti faizlərinin yüksəlməsinə gətirib çıxarır. Burada da vətəndaşa məcburi sürətdə vadar etmək, təbii ki, gətirib xərclərin artmasına çıxaracaq”.

Sığortalanmayan pul girov müqabilində də götürülə bilər. Belə olan halda qaytarılmayan vəsaitə görə banklar həmin borcu girova yönəltməklə həll edirlər. Yəni girovda olan əmlak və ya mülk satılır, bank özünə aid hissəni saxlayır, artıq qalan məbləğ varsa vətəndaşa verir. Bu kimi hallara qarşı da həyat sığortasının olması ən çox vətəndaşa sərf edir.

Pərvin Abbaszadə