• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 07.09.2024 20:43

Uşaqlarda oyuncaq əvəzinə internetdə olma təhlükəsi

KepezTV Player

Əvvəlki illərə nəzər salsaq, məsələn, öz uşaqlığımıza baxsaq, müasir dövrün uşaqları ilə aradakı fərq çoxdur. Bəlkə də dövr bunu tələb edir, ancaq uşaqların internətlə daha çox vaxt keçirməyi artıq bəlaya çevrilib desək, yanılmarıq. Qarşıdakı süjetdə uşaqların həm psixologiyasına, həm də sağlamlığına ciddi zərər vuran bu halın yaratdığı problemlərdən danışılır.

İnternet demək olar ki, bizim həyat tərzimizə çevrilib və onsuz bir günümüzü təsəvvür edə bilmirik. Bəs uşaqlar? İnternetin uşaqlara nə kimi zərəri var və onları necə uzaqlaşdıra bilərik?

Son vaxtlar psixoloqlar tərəfindən uşaqların internetdə daha çox vaxt keçirmələri və valideynlərin də bu mövzuda yetəri qədər məlumatlı olmadıqları müşahidə edilir. Uşaqların psixologiyasında baş verəcək dəyişikliklərdən əvvəlcədən xəbərdar olmaq isə vacibdir.

Ruziyyə Məsimova- psixoloq: “Seçdiyiniz mövzu əslində günün movzusudur və bizə müraciətlər arasında ən aktualıdır. Nə üçün uşaqlar oynamaq əvəzinə rəngli ekrandan asılıdırlar? Əslində, rəngli ekran deyilən narahatçılıq yoxdur. Burda valideyn qətiyyətsizliyi, diqqətsizliyi deyə bir narahatçılıq var. Çünki uşaqları üçün heç bir maraq dairəsi qura bilməyən valideynlər, təəssüflər olsun ki, çarəni telefona məruz qoymaqda görürlər. Və buna görə də psixoloqa çox müraciət edirlər ki, bizim uşaqlarda diqqət əksikliyi və müəyyən narahatlıqlar var. Artıq araşdırma nəticəsində sonda telefon asılılığı çıxır. Ancaq günümüzün problemləri olan autizm və ləngimələr var ki, bunların yaradıcısı sırf telefon olmasa da, birbaşa tətikləyicisidir deyə bilərik”.

Psixoloqun sözlərinə görə, valideynlər əgər uşaqları ilə daha çox vaxt keçirsələr, uşaqların nə psixologiyasında, nə də davranışlarında problem olar.

Ruziyyə Məsimova- psixoloq: “Valideynlər uşaqlarına yetəri qədər sevgi və diqqət verdikləri müddətdə uşaqlar heç vaxt telefondan aslı qalmayacaq. Televizorun, telefonun fəsadı uşaqların nitqinə təsir göstərir, onların psixoloji proseslərini ləngidir. Təktərəfli kommunikasiya olduğu üçün informasiyanı alırlar, ancaq ötürə bilmirlər. Bu da nitq ləngiməsinə səbəb olur. Bunun üçün övladları ilə bol-bol vaxt keçirsinlər, oyunlar oynasınlar. Sadəcə günlərinin 20 dəqiqəsini ayırsalar, kifayətdir. Texnologiya dövründə yaşadığımıza görə uşaqları telefondan və televizordan tamamilə uzaqlaşdıra bilmərik. Ancaq çox istifadənin qarşısını almaq mümkündür”.

Bəs uşaqlarda internetə, telefona maraq yaradan nədir? Bu haqda İT mütəxəssisinin fikrini oyrənək.

Rəşad Əliyev- İT mütəxəssisi: İndiki dövrdə uşaqları daha çox cəlb edən platfomalardan biri də “Youtube”- da baxdıqları cizgi filmləridir. Daha sonra müxtəlif oyunlardır. Ona görə də uşaqlar artıq başqa bir şeyə maraq göstərmirlər. Həyətdə oyun oynamaq ya da başqa məşğuliyyətə maraq göstərmirlər. Cizgi filmləri və oyunlar isə ən çox istifadə etdikləridir”.

Problem telefonda ya da hər hansı oyunda deyil, problem valideynlərin öz uşaqlarına qarşı olan münasibətindədir. Şəhər sakinləri bu aslılığa necə çarə tapmaq barədə daşırlar.

Şəhər sakini: “Daha çox başlarını oyuncaqlarla qatıram. Gəzintiyə çıxarıram. Çalışdığım qədər fikirlərini dağıdıram”.

Şəhər sakini: “Uşaqlar balaca olduğunu görə, oyuncaqla başlarını qatıram. Televizorda cizgi filminə bir az icazə veririk baxmağa ya da həyətdə gəzdiririk. Əsas odur ki, telefondan uzaqlaşsınlar”.

Şəhər sakini: “Oyunlar ya da başqa məşğuliyyətlər, idman, məşğələlər də ola bilər”.

Şəhər sakini: “Ancaq gəzinti, təmiz hava”.

Şəhər sakini: “Mənə elə gəlir ki, uşaqlar vaxtlarının çoxunu təmiz havada, idman salonlarında keçirsələr daha yaxşı olar. Həm də bizim gələciyimiz uşaqlardan ibarətdir. Bu günün uşaqları sabahın sağlam və güclü gəncləridir”.

Gələcəyimiz olan uşaqlara diqqət və qayğı hər zaman öndə olmalıdır, çünki sonrakı peşmançılıq fayda verməz. Onların böyükləri olaraq, hər zaman yanlarında olub, atdıqları hər addımda dəstəkçiləri olmalıyıq.

Fərid Mehdiyev