• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 11.06.2024 19:33

“Aztelekom” şəhərin 90%-dən çox hissəsini yüksəksürətli internetlə təmin edib

KepezTV Player

“Aztelekom” “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Bu çərçivədə Gəncədə fiber-optik GPON(CİPON) şəbəkəsi yaradılıb, zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, layihələndirmə işləri həyata keçirilib.

Vətəndaşlara kəsintisiz və sürətli interneti təmin etmək məqsədilə Aztelekom GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Artıq Gəncənin 90%-dən çoxu yüksəksürətli internetlə təmin olunub. Hazırda 20 mindən çox ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır.

2021-ci ildən reallaşdırılan “Onlayn Azərbaycan” layihəsi abonentlərin genişzolaqlı internetə çıxış imkanı yaradır. GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli 30 Mbit/s-dən 100 Mbit/s-dək internet paketləri təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Azər Həziyev- şəhər sakini: “Bizim qəsəbə yeni salındığı üçün əvvəllər internetimiz yox idi. Əsasən internet paketlərindən istifadə edirdik. 30-40 manata yaxın pulumuz gedirdi. Amma indi internet çəkildi. Sürətlidir. Bundan istifadə əlçatanlıq yaratdı”.

Xəqani Həsənov- şəhər sakini: “Bizim internetimiz var idi, zəif olduğundan “Aztelekom”a müraciət etdik. Sağ olsunlar, gəldilər, çəkdilər. Gücü də çox yaxşıdır. Məmnunuq. Əvvəllər donmalar, kəsilmələr olurdu. Dəfələrlə problemlər olurdu. Uşaqlar dərsə girə bilmirdilər”.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə və ya ərazi üzrə xidmət göstərən şöbəyə müraciət edə bilərlər. Həmçinin qurumun rəsmi saytı vasitəsilə də müraciətlər qəbul olunur.

Alidə Mustafayeva- “Aztelekom” MMC-nin mətbuat katibi: “Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. 2021-ci ildən reallaşdırılan “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2.49 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 85%-ni təşkil edir”.

Abonentlərə təklif edilən paketlərə internet, internet-telefoniya, internet-televiziya, internet-telefoniya-televiziya xidmətləri daxildir.

Aişə Rzayeva