• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1343
— 24.04.2024 20:06

Velozolaqlar piyadalar üçün nəzərdə tutulmayıb!

KepezTV Player

Gəncədə son illərin yeniliyindən biri də şəhərdə velosipedlər üçün xüsusi zolaqların salınmasıdır. Heydər Əliyev Parkı və Park-bulvar ərazisində yaradılan xüsusi yollar velosiped sürənlər üçün əvəzolunmazdır. Amma çox vaxt, əsasən də Gəncəçay sahilində piyadaların bu zolaqla hərəkətinin şahidi oluruq ki, bu da ikitəkərliləri idarə edənlər üçün çətinliklər yaradır.

Təəssüf ki, Gəncədəki bəzi velosiped zolaqları nəqliyyat vasitələri, xüsusən piyadalar tərəfindən zəbt olunur. Yəni velosipedçilər haqqları olan bu yoldan rahat istifadə edə bilmir. Velosiped sürücülərinin haqlı narazılığına səbəb olan bu hal şəhərdə velozolağın olduğu parklarda müşahidə edilir.

Mahir Məmmədov- velosipedçi: “Şəhərimizin 2 parkında velozolaqlar var. Təəssüflənirəm ki, bu velozolaqlarımızda vətəndaşlar da yürüş edir. Amma bu, velosipedlər üçündür, velosiped sürməkdən ötrüdür. Biz də istərdik ki, şəhərimizin böyük prospektləri var. Bu prospektlərdə Bakı şəhərində olduğu kimi veloyollar salınsın, biz də ondan istifadə edək. Avtomobil sürücülərinə maneə olmayaq, onlar da bizə maneə törətməsinlər. İstərdik ki, bunu nəzərə alsınlar”.

Oqtay Quliyev- velosipedçi: “İnsanlar piyada gedib-gəlir, maneə olurlar. Bura gəlməyin özü də bir problemdir. Ya velosipedi maşına qoyub gəlməlisən, ya da yolda sürücülərlə, piyadalarla qarşılaşırsan. Bizi velosiped olmayan tərəfə buraxmırlar ki, burda sürün. Burda da insanlardır də, orda gəzmək istəmir, burda gəzir. Uşaqla gələnlər var, kiçik velosipedlərlə gəlirlər. Bu da sürətli velosipedlərdir. Heç olmasa 30-40 sürət yığırsan, bir də görürsən qabağına uşaq çıxdı”.

Heydər Əliyev Parkındakından fərqli olaraq Park-bulvardakı velosiped zolağı elə də genişliyi ilə fərqlənmir. Deməli, burada piyadaların xüsusi zolaqla hərəkəti daha təhlükəli ola bilər. 

Hazırki parkda velosipedçilərin rahat hərəkəti üçün zolaqlar çəkilsə də, bu yoldan piyadalar da istifadə edir. Nəticə etibarilə ya velosiped sürücüləri piyadaların yoluna keçmiş olur, ya da qəza qaçılmaz olur.

Görüntülərdən aydın görünür ki, piyada hərəkət edən vətəndaşlar kameraların müşahidəsi altında olsa belə, velosiped zolaqlarını zəbt etməkdən çəkinmirlər. Belə olan halda həmin şəxslərə qarşı necə mübarizə aparmalı, onları bu əməldən necə çəkindirməli?

Şəhər sakini: “Mən hər axşam parka gəlirəm. Burada vətəndaşlar velosiped zolaqlarından istifadə edirlər. Bu, düzgün deyil. Çünki bu yol sırf velosipedçilər üçündür. Vətəndaşlara da səslənirəm ki, özlərinə ayrılmış yollardan istifadə etsinlər. Bu yol velosipedçilərdən ötrüdür”.

Şəhər sakini: “Mən də bura istirahətə gəlmişəm. Görürəm ki, vətəndaşların 90%-i burdan istifadə eləyir. Təbii ki, doğru deyil. Əsasən də uşaqların buradan istifadə etməsi heç də düzgün deyil. İnsanlar səki ilə yerisələr daha yaxşı olar, xəsarət almazlar. Velosiped zolağından da velosipedçilər istifadə etməlidir”.

Şəhər sakini: “Gəncə şəhərində bulvarda velosiped zolağından çox vaxt velosiped sürənlər yox, piyadalar istifadə edir. Onun da səbəbi odur ki, velosiped sürənlər azdır. Bir də ki, tək parkda olmağına görə. Yolların qırağında yoxdur. Tək burda olduğu üçün narazıçılıq yaradır. Misal üçün uşaqlar gəzir, hadisə törənir, qanıqaralıq yaranır”.

Şəhər sakini: “Velosiped zolaqlarında velosipedçilər o yolla getməlidir. Bu zaman piyadalar çox olduğu üçün onlar da velosiped zolaqlarından istifadə edir və xoşagəlməz hadisələr olur. Ona görə də velosiped zolaqlarının sayı çox olarsa, velosipedçilər daha rahat hərəkət edər. Vətəndaşın bu zolaqla getməyinin problemi odur ki, axşamçağıdır, elə olur velosipedçilər görmür, piyada qarşısına çıxan zaman bir çox qəza törənə bilər”.

Velosipedçilərə çətinlik yaradan başqa bir məqam isə avtomobil yollarında onlara yol verilməməsi və şəhərdaxili yollarda velosiped zolaqlarının olmamasıdır. 

Seymur Quliyev- velosipedçi: “Zolaqlar əslində yolun hərəkət hissəsində qoyulmalıdır. Məsələn, bu zolaq parkın içindən keçir. Burda vətəndaşların öz seçiminə qalıb. Məsələn, hörmət xatirinə qıraqdan gedə bilərlər, amma çox vaxt fikir vermirlər. Bunun da bir səbəbi var ki, insanlar öyrəşməyiblər. Çünki şəhərdə velosiped sürən azdır. Əslində belə infrastruktur olsa, ictimai nəqliyyat cəhətdən insanlara xeyli sərf edər”.

Mürsəl Məmmədov- velosipedçi: “Zolaqda piyadalar biri arabayla gəlir burda gəzir, biri adi gəzir, yəni velosiped sürmək mümkün deyil. Nə uşaqlar, nə böyüklər. Şəhərin içində sürəndə, velosipedçilərə yol vermirlər. Yəni bizlərə şərait yaratmırlar. Yol polisi əməkdaşları onlara bir az nəzarət etsələr yaxşı olar”.

Məsələ ilə bağlı polisdən məlumat verildi ki, piyada hərəkət iştirakçılarının velosiped zolağına daxil olması yolverilməzdir. Eyni zamanda avtomobil yollarında hərəkət edən velosipedçilərə də mütəmadi olaraq maarifləndirici xəbərdarlıqlar edilir.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Gəncə şəhər BPİ DYPŞ  əməkdaşları şəhər ərazisində nəqliyyatın, piyadaların olduğu kimi velosipedçilərin də hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Burada əsas məqsəd həmin kateqotiyada olan vətəndaşlara izah olunur ki, velosiped idarə edərkən təhlükəsizlik tədbirləri görsünlər. Bunlara qoruyucu dəbilqələr, diz və dirsək nahiyələrini qoruyan xüsusi vasitələrdən istifadə olunmasıdır”.

Yaxın illərdə Gəncənin avtomobil yollarında da velosiped zolaqlarının salınması gözlənilir. Bu isə velosipedçilərin təhlükəsiz, rahat hərəkətinə şərait yaratmaq, nəqliyyat sıxlığından əziyyət çəkən Gəncədə mikromobilliyi təmin etmək məqsədi daşıyır.

Pərvin Abbaszadə