İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə Xocalı rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan verilən məlumata görə, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”, Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının da iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb. Prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının 1 nəfəri azyaşlı olmaqla, ən azı 4 şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 117