Səyahət sığortası turistin səfər etdiyi ölkədə başına gələ biləcək hadisənin fiziki və mənəvi zərərinin ödənilməsini nəzərdə tutur. Xaricə səyahət müddətində vətəndaşların ən çox məruz qaldığı hadisələr zədələnmə, əşyaların itirilməsi, yaxud digər neqativ halların baş verməsidir. Bu zaman sığorta şirkəti vətəndaşın zərərini qarşılayır.
Samir Dübəndi - Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri: “Birbaşa turistin təhlükəsizliyi - onun müxtəlif səfərlərdə olanda risklərlə üzləşdiyində qarşısını almağa yönələn sığorta məsələləridir. Mən deyərdim ki, xaricə üz tutanlar icbari olaraq sığorta alırlar. Amma böyük bir xərclər deyil. Hər halda məsləhət görmək olar ki, xaricə üz tutan hər bir insan səfər sığortası eləsin”.
Vətəndaşlar necə, həqiqətənmi səfər edərkən sığortaya maraq göstərirlər? Yəni xarici ölkələrə üz tutanlar özlərini müəyyən risklərdən qorumağı düşünürlərmi?
Şahin Əliyev- şəhər sakini: “Səyahət sığortasından bəli, istifadə etmişəm. Turizm şirkətində təklif ediblər. Məlumatlandırıblar ki, sağlamlıqla bağlı və ya hansısa baqajın itməsi hallarında bu qarşılanır. Düzdür, heç bir şey olmayıb. Amma qabaqcadan sığortalanmaq gözəldir”.
Elnur Zeynalov- şəhər sakini: “Bəli, səyahət sığortasından istifadə etmişəm. Dedilər ki, viza almaq üçün istifadə etmək lazımdır. Çox da yaxşı oldu ki, səyahət sığortasından istifadə edib, getdim”.
Hər kəsi maraqlandıran məqamlardan biri də, əlbəttə ki, sığortanın qiyməti ilə bağlı məsələdir. Əslində səyahət sığortasının qiyməti səfər edəcəyimiz ölkədən, sağlamlıq durumumuzdan, yaşımızdan və s. bu kimi faktorlardan asılı olaraq dəyişə bilir. Həmçinin məbləğ sığorta şirkətlərinə görə də dəyişir. Təbii ki, cüzi fərqlə. Amma səyahətdən öncə gedəcəyimiz ölkələrlə bağlı araşdırma apardığımız kimi, sığorta şirkətləri və onların təqdim etdikləri paketlərlə də maraqlanmağımız məqbul hesab edilir.
Elnur Həsənov- sığorta şirkətinin nümayəndəsi: “Məsələn, ən aşağısı 20 manat olur. Elə olur ki, 600 manat da olur, məsələn, tələbələr Amerika Birləşmiş Ştatlarına oxumağa gedir. Onlar 1 illik səfər sığortası yazdırırlar. Avropa ökələrinə gedənlər olur - 50-100 avro, sığorta təminatı da orada təxminən olur 15 min-30 min manat arası”.
Əsas nüansı da unutmamalıyıq ki, səyahət sığortası hər zaman könüllü olmur. Bəzi ölkələrə gedərkən viza almaq üçün sığorta məcburi sayılır.
Nazim Bayramov- turizm meneceri: “Əsasən Avropa ölkələrinə- Şengen zonasına, Amerikaya, Kanadaya, İngiltərəyə olan vizalarda sığortalar məcburidir. Dgər ölkələrdə də məsəhət görülür, tövsiyə xarakterli. Yəni bu, turistin sırf özünə bağlı olan bir şeydir. Öz istəyi ilə ola bilər. Amma tövsiyə olunur ki, sığortalansınlar. Qarşılığı qat-qat artıq olduğuna görə, tövsiyə olunandır ki, turistlər getmədən əvvəl sığortalansınlar”.
Səyahət sığortası üzrə daxilolmaların məbləği ötən il 2 milyon 736 min manata bərabər olub. Ödənişlərin məbləği isə 35,9% azalaraq, 116,2 min manata enib.
Aişə Rzayeva
- Baxış: 160