Bir müddətdir Azərbaycanın zərgərlik bazarında durğunluq yaşanır və alıcılıq qabiliyyəti aşağı düşüb. Qızıl satışı ilə məşğul olanlar bildirirlər ki, bir neçə ay əvvəllə müqayisədə qiymətlərdə 10 faizə yaxın enmə də var. Bu isə Məhərrəm ayı ilə əlaqələndirilir.
Toy mövsümündən ən çox qazananlar restoranlar, müğənnilər, müxtəlif xidmət sahələrində çalışanlar və şübhəsiz ki, qızıl alveri ilə məşğul olanlardır. Bununla belə toylar dayanan kimi bu fəaliyyət növlərində durğunluq yaşanır və alıcılıq qabiliyyəti aşağı düşür. Satıcıların sözlərinə görə, dünya bazarında qızılın qiymətində enmə yoxdur amma onlar alıcılıq qabiliyyətini artırmaq üçün qiymətlərdə endirim edirlər.
Kənan Həsənli- satıcı: “Qiymətlərdə ümumiyyətlə 10 faizə kimi enmə müşahidə olunur. Bu hal 20 gündür belədir. Bir ara qızıl 115 manata kimi qalxmışdı. Hal-hazırda 88-100 manat arası dəyişir. Bu, 585 əyara aiddir. Əvvəl 750 əyar 150 manata kimi qalxmışdı, 155-də satışı idi. İndi hardasa 135 manat. Amma dünya qlobalında qızılın qiyməti düşməyib”.
Dinara Məhərrəmova- satıcı: “Toylar yoxdur deyə, qiymətlər aşağıdır. Amma bu, dünya bazarı üzrə belə deyil. Özümüz aşağı eləmişik. Qazancı az edirik ki, alış olsun. Çünki, bazar çox zəifdir. Məcburən qiymətləri aşağı edirik”.
Qiymətli metal bazarındakı durğunluğu fürsət bilən alıcılar qızıl almaq üçün məhz bu vaxtı seçirlər. Çünki, adətən Məhərrəmlik dövründə toyların olmaması qızıl-zinət əşyalarının qiymətini ucuzlaşdırır.
Şəhla Məmmədova- alıcı: “Uşağımın xeyir işi idi. Tez-tez gəlib alış-veriş edirəm. Burada 2 həftə bundan əvvəl qızıl bəyənmişdim, onda 700 manat idi. İndi endirimlə 650 manata aldım”.
Ceyhun Aslanov- alıcı: “Gəlinim üçün aldım. Oğluma toy edirəm. İndi sərfəli qiymətdir. Aldım, hardasa 200-150 manat miqdarında fərq edir”.
Qızıl bazarında qiymətlərin dəyişkənliyi dünya bazarı ilə birbaşa bağlıdır. Burada siyasi və iqtisadi proseslərin qiymətə təsiri əsas götürülür. Hazırkı ucuzlaşmanın isə hələ bir müddət davam edəcəyi güman olunur.
Məsim Abadov- iqtisadçı: “Ümumiyyətlə qızılın qiyməti, qiymətli metalların qiymətinin qalxması, enməsi siyasi vəziyyətlərdən asılıdır. Sözsüz, son zamanlar xüsusən də mart ayının sonu, aprel ayının əvvəli qızıl maksimal həddə qalxdı. Yəni dəyəri indiyə kimi olan pik həddə qalxdı, yəni o baryeri keçdi. Digər tərəfdən Nyu York birjalarında o enmə ilə bağlı verilən qiymətlər bizim bazarda qızılın 0.5-1%-ə qədər qiymətin ucuzlaşması ilə görülmüşdür. Lakin nəzərə almaq lazımdır ki, bu ucuzlaşma istənilən vaxt müvəqqəti xarakter daşıya bilər”.
Ekspertlər irəliləyən dövrlərdə qiymətli metal bazarında ucuzlaşmanın daha da dərinləşəcəyini ehtimal etmirlər. Çünki qızıl ən etibarlı sərmayə sayıldığı üçün yatırımlar bu qiymətli metala yönəldilir.
Aişə Rzayeva
- Baxış: 4261