• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 09.01.2024 16:54

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub. Nazirliyinin 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi əraziyə cəlb edilib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib.

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezidentin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev sözügedən xəstəxanada olublar. Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb. Prezidentin köməkçisi Anar Ələkbərov deyib ki, hadisə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Baş prokuror Kamran Əliyevin sözlərinə görə, yanğın elektrik mənşəlidir. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib. İntensiv terapiya şöbəsində müalicə alan 4 uşağınsa meyiti aşkar olunub. Baş prokuror uşaqların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğunun ekspertizanın rəyindən sonra bəlli olacağını bildirib. 

Prezidentin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Perinatal Mərkəzdə baş verən yanğında xəsarət alan körpələri ziyarət ediblər. Perinatal Mərkəzdə baş verən yanğın nəticəsində təxliyə edilən 5 hamilə, 9 zahı və 16 yenidoğulmuşun vəziyyəti normaldır. Onların perinatal mərkəzdəki həkimləri ilə koordinasiyalı iş qurulub. Tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb. Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə aparılan 6-sı qız, 9-u oğlan olan 15 körpədən 6-nın vəziyyəti isə ağırdır. 

TƏBİB rəsmisi uşaqların durumunun tam nəzarətdə olduğunu vurğulayıb.