• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1890
— 06.01.2024 20:25

Gənclərin sosial şəbəkə asılılığı

KepezTV Player

İnternet əsrinə qədəm qoyar-qoymaz, sosial medianın asılılığına düşdük. Sosial şəbəkələrdən istifadə artıq gündəlik fəaliyyətimizin sırasına daxil olub. Əsasən də gənc nəsil asudə vaxtlarının böyük hissəsini fərqli sosial şəbəkələrdə keçirir.

İbrahimxəlil Cəfərov- sakin: “Mən özüm sosial şəbəkədən bacardıqca minimum, yarım saat vaxtda istifadə etməyə çalışıram. “İnstagram” və “Twitter”dən istifadə edirəm. İlk növbədə diqqət pozğunluğu, yuxusuzluq, taqətsizlik yaradır. Bacardıqca vaxt keçirməmək daha yaxşıdır”.

Əmrah Baxışov- şəhər sakini: “Sosial şəbəkədə bir o qədər vaxt keçirmirəm. Yəni normal qaydada istifadə edirəm, oradan asılı deyiləm. Çox istifadə, ordan asılılığa gətirib çıxarır, insanlar artıq uzaq qalırlar. İnsanlarla münasibətdə soyuqluq yaradır”.

Şəhər sakini: “Sosial mediadan normalda 5 saat istifadə edirəm. Çox baxdıqda gözlərə zərər verə bilər. İnsana görə dəyişir. Bəzi xəstəliklər də yarada bilər. Mənim dostlarım, ətrafımda çoxdur saatlarla istifadə edənlər. Səhərdən axşama kimi baxanlar belə var”.

Əli Hüseynzadə- şəhər sakini: “Mənim özüm gün ərzində maksimum 2 saat olar, 1 saat olar. Bunun da səbəbləri sadəcə dostlarımla əlaqə qurmaq üçün. Yəni sosial şəbəkədən aktiv istifadə etmirəm. Məncə sosial şəbəkələrdən maksimum dərəcədə lazımsız istifadə həm sosiallaşmanın qarşısını alır, həm insanlarda depressiaya meyllilik yaradır. Ünsiyyət qura bilmirsən, gözlərin zəifləyir, bir müddət sonra uzağı görə bilmirsən və aqressivləşirsən”.

Seymur Bağırov- şəhər sakini: “Mən sosial şəbəkələrdən çox istifadə edirəm. Həm işimlə bağlı. Çünki mən SMM istifadəçisiyəm. Yəni həm “İnstagram” olsun həm “Tik-tok” olsun və işimlə əlaqədar özümə müəyyən vaxt qoymuşam ki, məsələn, 8 saat, 7 saat olsun və bu formada istifadə edirəm. Uzaq durmağa çalışıram. Əsasən bağlılıq yaradır. İnsanlardan uzaqlaşırsan, ətrafla daha da aktiv olmursan və insanlarda mənfi olaraq psixoloji problemlər yaradır”.

Fidan Rəhimova- şəhər sakini: “Gün ərzində mən universitetdə oxuduğum üçün, həm də sinifkom olduğum üçün, məcbur şəkildə “WhatsApp”dan istifadə edirəm. Başqa sosial şəbəkələrdən istifadə etmirəm. Heç indiki gənclərimizə də çox istifadə etməyi uyğun görmürəm. Yəni boş vaxtlarını, özünü inkişaf etdirmək üçün kitablardan istifadə etsinlər. Dərslərinə meyil göstərsinlər. Sağlamlıq cəhətdən ən çox gözləri zəiflədir. Həmçinin beyinin inkişafını ləngidir. Ona görə mən deyirəm ki, asudə vaxtlarını kitab oxumaqla keçirsinlər”.

Kimisi bu platformalardan hansısa bir iş üçün yararlanır, kimisi isə sadəcə asudə vaxtını burada xərcləyir. Elə müxtəlif onlayn oyunlarla gününü keçirənlər də bu sırada yer alır. Nəticədə virtual asılılıq formalaşır. Eyni zamanda günün böyük bir hissəsini bu formada keçirməyin sağlamlıq cəhətdən də bir çox mənfi tərəfləri var.

Tünzalə Haqverdiyeva- həkim: “Müasir gənclərimiz smartfon telefonlardan çox istifadə edirlər. Telefonları gündəlik həyatlarında əllərindən yerə düşmür. Demək olar ki, müasir gənclər telefonla yatıb,  telefonla dururlar. Mobil telefonlar qadınlara ən çox süd vəzlərində xərçəng yaranmasına səbəb olur. Kişilərdə sonsuzluğa gətirib çıxarır. Uzun müddət telefona güclü səslə qulaq asdıqda onların eşitməsinə təsir edir. İnsanlarda, cavanlarda, gənclərdə, hər kəsdə eşitmə qabiliyyəti zəifləyir. Beyinə təsiri, gözə təsiri, qulağa təsiri olur. Bunları azaltmaq üçün onlar smartfonlardan az istifadə etməlidirlər”.

Bəs bu cür asılılıqdan qurtulmaq mümkündürmü? Psixoloq Günel Maarifqızı deyir ki, sosial şəbəkələrdən asılılığın səbəbləri müxtəlifdir. Onun sözlərinə görə rəngli ekranlara maraq və telefondan davamlı istifadə belə vərdişlər formalaşdırır.

Günel Maarifqızı- psixoloq: “Ailədaxili münasibətlərdə problem yaşayan, natamam ailədə böyüyən uşaqlar daha çox sosial media asılılığından əziyyət çəkirlər. Çünki ailədə olan bu münaqişələri ört-bastır etmək üçün, başlarını qatmaq üçün onlar sosial mediaya üz tuturlar. Onlarda vaxt qavramı olmur və bir müddəttən sonra bir də baxırıq ki, asılı hala gəlmişdirlər. Əgər sosial şəbəkələrdən daha çox istifadə edirlərsə depressiv əlamətlər, aqressia və ünsiyyətdən qaçınma, özünəqapanma halları daha çox olur və bu sübut olunub ki, sosial asılılıq olan insanların psixoloji problemləri daha çox olur”.

Mütəxəssislərin sözlərindən belə nəticəyə gəlmək olur ki, sosial şəbəkələrdən qədərindən çox istifadə elə sosial həyatı məhv edir. Xüsusən də gənclər bu kimi asudə vaxtlarını daha səmərəli keçirərək sosial şəbəkələrdən uzaq durub, həyat keyfiyyətlərini daha da artıra bilərlər.

Pərvin Abbaszadə