• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 05.01.2024 19:45

Bayram günlərində yanlış qidaların yaratdığı ciddi fəsadlar

KepezTV Player

“Yeni il”i bizə sevdirən məqamlardan biri də bu bayramda süfrənin bir- birindən ləziz yeməklər, şirniyyatlarla dolu olmasıdır. Bu məqamda "Gördün yemək, daha nə demək?!" prinsipini əsas tutub, hər təamdan rahatlıqla nuş edirik. Yeməklərin normadan artıq qəbulu dursun bir tərəfə, hətta günlərlə qalmış, bayatlamış qidaları da qəbul etməkdən çəkinmirik.  

Şəhla Verdiyeva- həkim: “Bayram günlərində hazırladığımız qida məhsulları sadəcə hazırlanma qaydasına görə deyil, çeşidliliyinə görə də sağlamlıq üçün bir az problem yaradır. Çünki protein, yağ, zülal, tərkibindəki mikroelement, ağartı və s. nəzərə almadan, bir çox qida məhsulunu kombinasiya şəklində qəbul edirik. Onsuz da təzə halda belə, bunun qəbulu orqanizm üçün yetərli qədər stres faktorudur - önəmli bir yükləmə sayılır. Bir də miqdarı aşdığımıza görə, qida məhsulunu bir neçə günlük hazırladığımıza görə, onun qalma müddəti də keçmiş olur. Qida məhsullarının bayatlamasını təəssüf ki, hər zaman dadından bilmək olmur. Bu da ona görə bizi yanıldır. Xüsusilə də salatlarda istifadə olunan mayonez və qatqı maddələri inqridiyentlərin daha tez köhnəlməsinə səbəb olduğuna görə, sağlamlığımız üçün ciddi zərbədir”.

Bu zərbəni öz üzərində hiss edənlərin isə müraciət etdiyi məkan təcili yardımdır. Bayram günlərində Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan zənglərin sayındakı artım da bunu təsdiqləyir. İstər mədə-bağırsaq sistemində yaranan problemlərlə bağlı, istərsə də qidalanmayla bağlı olaraq yüksək təzyiq və şəkər xəstəlikləri ilə əlaqədar müraciət edənlər çoxluq təşkil edir.

Aysu Məmişova- Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi: “Bayram günlərində çağırışların sayında nisbi artım qeydə alınmışdır. Çağırışların əsas hissəsini funksional mədə-bağırsaq pozğunluqları və hipertezik xəstələr təşkil edir. Zəhərlənmə faktı qeydə alınmamışdır. Bayram günlərində çağırışların sayı 330-350 civarında olmuşdur. Bununla əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım gücləndirilmiş iş rejimində fəalliyət göstərib”.

Mütəxəssislər bildirir ki, insanlar bu dönəmdə qidalanmalarına diqqət etməsələr bir çox xəstəliklər aktivləşə bilər, eyni zamanda bu, artıq çəkiyə də səbəb olar.

Şəhla Verdiyeva- həkim: “Əgər vaxtı keçmiş qidalardan istifadə olunursa, mədə-bağırsaqda ciddi problemlər ola bilər. Bu zaman ishal, ürəkbulanma başhərlənməsi, köp kimi mədə-bağırsaqla bağlı şikayətlər yaranır. O zaman mütləq həmin qida məhslunun qəbulunu dayandırmaq, bol maye qəbul etmək və əgər şikayətlərimiz keçmirsə və hətta qusma varsa, həkimə müraciət etmək lazımdır. İzafi qida qəbulu ilə bağlı yaranan mədə-bağırsaq yüklənməsi, şəkər ilə bağlı şikayətlər həddən artıq çoxdur”.

Sağlamlıq hamı üçün önəmlidir. Elə bu səbəbdən də, bayram ərəfəsində qida qəbuluna xüsusi diqqət etməliyik. Ən azından, sonradan yarana biləcək fəsadlardan əziyyət çəkməmək üçün...

Aişə Rzayeva