• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 28.12.2023 18:43

Fransa hökumətinin xarici siyasəti fiaskoya uğrayıb

KepezTV Player

Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı “persona-non-qrata” elan edilib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Heç kimə sirr deyil ki, bu addım rəsmi Bakının dekabrın 26-da Parisə nota verməsindən və fransalı diplomatların arzuolunmaz şəxs elan etməsindən sonra, cavab olaraq atılıb. Bu da onu göstərir ki, heç bir əsas gətirmədən Azərbaycana qarşı bu hərəkət dırnaqarası qisasdan başqa bir şey deyil. Lakin Azərbaycanın, diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərini əsas gətirərək fransalı diplomatları “persona-non-grata” elan etməsi rəsmi Parisin bölgədə pozucu fəaliyyətlə məşğul olduğunu, eyni zamanda Cənubi Qafqaz planının uğursuzluqlarını bir daha təsdiqləyib.

Yeganə Hacıyeva- siyasi şərhçi: “Fransa ilə Azərbaycan arasındakı hal-hazırki diplomatik qalmaqal Fransa dövlətindən qaynaqlanır. Məsələ ondadır ki, uzun illər ATƏT-in Minsk qrupunun həmsədri statusunda Ermənistan-Azərbaycan münasibətlərində nizamlayıcı və vasitəçi olması iddiası ilə çıxış edən Fransa 30 il ərzində Minsk qrupunun niyə bu qədər uğursuz olması reallığını ortaya qoydu”.

Bəs Azərbaycan fransız diplomatları arzuolunmaz şəxs elan edərək ölkədən niyə çıxarıb? Dekabrın 21-i DTX Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilən Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsini ifşa edib. Azərbaycan xüsusi xidmət orqanlarının Fransanın Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edən şəbəkəsini çökdürməsi isə Makron hakimiyyətinin casus planının iflası deməkdir.

Hamıya məlumdur ki, bütün səfirliklərdə xüsusi xidmət orqanlarının akkreditasiya edilən nümayəndələri olduğu kimi, Fransanın Azərbaycandakı səfirliyində də olması təbiidir. Ancaq Rəsmi Paris ittihamları qəti şəkildə rədd etsə də, burada söhbət, müxtəlif məqsədlərə xidmət edən, Azərbaycanın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərən, akkreditasiya edilməyən casus şəbəkəsindən gedir.

Arzu Nağıyev- Milli Məclisin üzvü: “Onlar bu siyasəti məkrli siyasət kimi həyata keçirirlər. Hər bir kəşfiyyat orqanları arasında müqəddəs, toxunulmaz məsələlər var. Onlar demək olar ki, bu qırmızı xətti də keçdilər”.

Fransa xüsusi xidmət orqanları nə Ukrayna müharibəsini, nə Malidəki çevrilişi, nə də ki digər hadisələri əvvəlcədən proqnozlaşdıra bilməyib. Bu xüsusda Afrika və Cənubi Qafqazda da ciddi uğursuzluğa düçar olublar. Qərb mediası isə bu əməliyyatı Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük biabırçılığı adlandırır.

Vüsalə Cənnətova